Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir H.Bağırov/
Azərbaycan Ordusunun iki hərbçisini qətlə yetirməkdə ittiham olunan əsgərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Yasəf Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı oktyabrın 19-na təyin olunub.
Qasımov Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.4, 120.2.7), tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332.2.1, 332.3) maddələri ilə təqsirli bilinir.
Müdafiə Nazirliyinin Tərtər rayonundakı hərbi hissələrin birində Zərdab rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Qasımov xidməti silahından atəş açaraq əsgər yoldaşları İlkin Abdullayev və Tural Həsənovu qətlə yetirib. Hadisə bu ilin martında baş verib.
Abdullayev Astara, Həsənov isə Sabirabad rayonundan hərbi xidmətə çağırılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]