Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir H.Bağırov/
İrandan Azərbaycana külli miqdarda narkotik kecirməkdə ittiham olunan şəxslərin məhkləməsi başa çatıb.
Trend -un məlumatına görə, çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar İsmayılov 14 il 6 ay, Vüsal Binyətov 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlar Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (206.3.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi, Biləsuvar rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zəhmətabad kənd sakinləri İsmayılov və Binyətov 5 kiloqram heroini İran İslam Respublikasından respublikamıza keçirərkən tutulublar.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində İsmayılovun həmkəndlisi Binyətovla birgə Səmədabad kəndi ərazisində gizlətdikləri 33 kiloqram 70 qram həşiş, 520 qram heroin və 180 qutu təsiredici həblər aşkar edilərək götürülüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]