...

Azərbaycan həbsxanalarında cəzaçəkən xarici vətəndaşlar arasında iranlı məhkumlar çoxluq təşkil edir - Ədliyyə Nazirliyi

Cəmiyyət Materials 30 Oktyabr 2009 17:20 (UTC +04:00)
Azərbaycanın cəzaçəkmə müəssisələrində cəzaçəkən xarici vətəndaşların sırasında İrandan olan məhkumlar çoxluq təşkil edir. Bu barədə cümə günüTrend News-a Ədliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Zavər Qafarov məlumat verib.
Azərbaycan həbsxanalarında cəzaçəkən xarici vətəndaşlar arasında iranlı məhkumlar çoxluq təşkil edir - Ədliyyə Nazirliyi

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın cəzaçəkmə müəssisələrində cəzaçəkən xarici vətəndaşların sırasında İrandan olan məhkumlar çoxluq təşkil edir. Bu barədə cümə günü Trend -a Ədliyyə Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Zavər Qafarov məlumat verib.

"Hazırda Azərbaycanda 150-yə yaxın İran vətəndaşı olan məhkum cəza çəkir", - Qafarov bildirib.

Azərbaycan ilə İran arasında məhkumların cəza çəkmək üçün öz ölkələrinə verilməsi sahəsində sıx əməkdaşlığın olduğunu bildirən idarə rəis deyib ki, iki ölkə arasında "Azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün öz ölkələrinə verilməsi haqqında" 1998-ci ildə müqavilə imzalanıb.

Qafarov deyib ki, 1998-ci ildən indiyədək Azərbaycanda cəza çəkən 362 iranlı məhkum öz ölkəsinə təhvil verilib. Azərbaycan isə İrandan 54 məhkum qəbul edib.

İdarə rəisi qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində 2005-ci ildən 2009-cu ilin oktyabrınadək müxtəlif ölkələrə 109 məhkum təhvil verilib, Azərbaycan isə 204 məhkum qəbul edib.

Qafarovun sözlərinə görə, Rusiyada Azərbaycan vətəndaşı olan məhkumların sayının çox olması bu ölkə ilə əməkdaşlığın genişlənməsini zəruri edir.

Cari ilin 9 ayında Ədliyyə Nazirliyinə öz ölkəsinə getmək üçün 67, Azərbaycana verilməsi üçün 78 məhkum müraciət edib. Cari ilin ötən dövründə cəzalarının qalan hissəsini çəkmək üçün Rusiya, Polşa və Belarusdan məhkumlar gətirilib, Rusiya və İrana isə bir sıra məhkum təhvil verilib.

İdarə rəisi məhkumların verilməsi sahəsində bir sıra çətinliklərin olduğunu vurğulayıb. Əsas problemin Gürcüstanla bağlı olduğunu deyən Qafarovun sözlərinə görə, bu ölkənin Ədliyyə Nazirliyi məhkumların verilməsi və qəbul edilməsi ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin müraciətlərinə cavab vermir.

"Təəssüflər olsun ki, Gürcüstanın Ədliyyə Nazirliyi məhkumların verilməsi işini tənzimləyən beynəlxalq müqavilələrin müddəalarına riayət etmir və bunun nəticəsində çətin vəziyyət yaranır", - deyə Qafarov vurğulayıb.

İdarə rəisinin sölərinə görə, problemin həlli və əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ədliyyə Nazirliyinin rəsmiləri gürcü həmkarlarına müraciət edib. Həmçinin bu məsələ Azərbaycanın Gürcüstandakı səfirliyinin diqqətindədir və görüşlərin keçirilməsi üçün müvafiq tədbirlər görülür.

Azərbaycan məhkumların verilməsi sahəsində Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İran və Litva ilə ikitərəfli müqavilələr bağlayıb.

Azərbaycan "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası və "Azadlıqdan məhrumetməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün öz ölkələrinə verilməsi haqqında" Moskva Konvensiyasının iştirakçısıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti