Azərbaycan, Bakı, 31 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/
Azərbaycanda Ağgöl Milli Parkında qanunsuz ov edən İran vətəndaşı deportasiya olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend -a verilən məlumata görə, Ağgöl Milli Parkının əməkdaşları qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri reyd zamanı Milli Parkın ərazisində 90-ER-575 dövlət nömrə nişanlı "Niva" markalı avtomaşını saxlamaq istərkən maşında olanlar tabesizlik göstərərək ərazidən uzaqlaşıblar.
Ağcabədi rayon Polis Şöbəsinin nümayəndələrinin köməyi ilə qanun pozucularını saxlanılıb.
Milli Parkın inzibati ərazisində qanunsuz ov etməyə cəhd edənlərin İran vətəndaşı Zergani Ali Chaseb, Bakı şəhər sakini Rufulluzadə Sadiq Cabir oğlu və Tovuz rayonu Bayramlı kənd sakini Hüseynov Mustafa Cəbrail oğlu olduğu müəyyən edilib.
Avtomobilə baxış keçirilən zaman orada şahin quşunun ovlanması üçün istifadə olunan cələ, şahin quşu üçün papaq və canlı göyərçinlər aşkar edilib.
Onlar ifadələrində bildiriblər ki, bu işdə onlara Suriya Ərəb Respublikasının vətəndaşı (şəxsiyyəti hələlik məlum deyil) başçılıq edib, təqib zamanı o, maşından düşərək qaçıb.
Saxlanılan şəxslər adı Azərbaycanın "Qırmızı Kitab"ına düşmüş şahin quşunu ovlamaq məqsədi ilə gəldiklərini bildiriblər.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən protokol tərtib edilib, İran vətəndaşı Zergani Ali Chasebin Azərbaycanın ovçuluq haqqında qanununun tələblərini kobud surətdə pozduğuna görə respublikadan departasiya olunub. Onun ölkəyə gəlməsinə qadağa qoyulması ilə bağlı Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinə müraciət edilib.
Hazırda qanun pozucularının verdikləri ifadələrdə adıçəkilən Suriya Ərəb Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]