...

İranda həbs olunan azərbaycanlı alimin səhhətində problem yoxdur - səfir

Cəmiyyət Materials 7 Dekabr 2009 12:11 (UTC +04:00)
İranda həbs olunan azərbaycanlı alimin səhhətində problem yoxdur, Trend News-un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə İranın Azərbaycandakı səfiri Məhmməd Baqir Bəhrami deyib.
İranda həbs olunan azərbaycanlı alimin səhhətində problem yoxdur - səfir

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir T.Cəfərov/

İranda həbs olunan azərbaycanlı alimin səhhətində problem yoxdur, Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə İranın Azərbaycandakı səfiri Məhmməd Baqir Bəhrami deyib.

"İranda həbs olmuş azərbaycanlı alimin həbsinin səbəbləri haqda məlumatım yoxdur, aiddiyyatı orqanlar məlumatlıdırlar. Bir şad xəbəri deyə bilərəm ki, bir neçə gün öncə azərbaycanlı alim öz ailəsi ilə telefon danışığı aparıb və deyib ki, sağlamlığında heç bir problem yoxdur", - Bəhrami bildirib.

Trend -un arayışı: Azərbaycan İranda həbs olunmuş alimin dünyada qəbul olunmuş müdafiə vasitələrindən kənarda qalmamasında maraqlıdır, bu sözləri öncə Trend -a xarici işlər nazirinin müavini Vaqif Sadıxov bildirib.

"Rəşid Əliyevin işi ilə bağlı İranın istintaq orqanlarında istintaq aparılır. Maraqlıyıq ki, həmin şəxs dünyada qəbul olunmuş müdafiə vasitələrindən kənarda qalmasın", - deyə nazir müavini vurğulayıb.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev İranın "Sazan Elektronics İndustry company" şirkətinin dəvəti və BDU-nun razılığı əsasında başlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illərdə həmin şirkətdə çalışıb. Şirkətin rəhbərliyi azərbaycanlı alimə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif etsə də, bu təklifləri qəbul etməyib və respublikaya qayıdıb. Şirkətin direktoru Eftexarinin təkidli xahişindən sonra Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə onu viza problemini bəhanə gətirərək həbs ediblər.

İranın "Sazan Elektronics İndustry company" şirkətinin rəhbəri Abbas Eftexari daha öncə Trend -a bildirib ki, Əliyevin həbsinin həmin şirkətlə Bakı Dövlət Universiteti arasında bağlanmış müqavilə ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan Ədliyyə Nazirliyi İranda həbs edilən azərbaycanlı lazer mütəxəssisinin işi ilə bağlı bu ölkənin müvafiq qurumuna sorğu göndərib.

Əliyev hazırda Evin həbsxanasında beşinci korpusda saxlanılır.

Əliyev 38 yaşında BDU-da elmi fəaliyyətini müvəqqəti dayandıraraq könüllü hərbi xidmətə gedib. 1999-cu ilədək N saylı xüsusi təyinatlı hissədə rabitə sistemi qurub, xüsusi təyinatlı lazer texnikasının hərbi hissədə sınaqlarının təşkili və keçirilməsində yaxından iştirak edib.

Sərhəd Qoşunlarının "Keşikçi gəmisi", Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Tədqiqat gəmisi", "Balıq mühafizə gəmisi"nin əsaslı təmirinə cəlb olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti