AŞPA azərbaycanlı qaçqın və məcburi köçkünlərin teleyinə biganə qalmamalıdır - Gültəkin Hacıbəyli

Cəmiyyət Materials 29 Yanvar 2010 01:44 (UTC +04:00)

Fransa, Strasburq, 28 yanvar/ Trend , müxbir A.Məhərrəmli/

AŞPA azərbaycanlı qaçqın və məcburi köçkünlərin teleyinə biganə qalmamalıdır. Trend -un məlumatına görə, bu fikirləri cümə axşamı AŞ PA-nın qış sessiyası nın yanvarın 28-də keçirilən iclasında qurumun İmmiqrasiya, Qaçqınlar və Əhali Komitəsinin təqdim etdiyi və Danimarkalı deputat Yorgen Pulsenin (Jorgen Poulsen) tərəfindən hazırlanan "Qaçqın və məcburi köçkünlərin mülkiyyət probleminin həll olunması"na dair məruzə ətrafında aparılan müzakirələr zamanı Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli deyib.

Hesabatda dünyada milyonlarla insanın müharibə və münaqişələr nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bütün hüquqlardan məhrum edilmələri və dözülməz şəraitdə yaşamaları əks olunur. Bundan əlavə,  insanların qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi  insan haqları və humanitar planda  ciddi bir çağrı olduğu xüsusi vurğulanır.

Məruzədə Azərbaycanla bağlı məsələ hansı səbəbdənsə yer almayıb. Buna görə,  qurumda Azərbaycan nümayəndə heyətinin üzvü  Gültəkin Hacıbəyli  AŞPA prosedura qaydalarına uyğun olaraq və öz hüquqlarından istifadə edərək Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətlə bağlı geniş məlumat hazırlamış və  məruzənin izahat hissəsinə əlavə etmişdir. Bu sənəd rəsmi sənəd kimi  məruzə ilə birlikdə AŞ PA-da yayılıb. Avropalı deputatlar həmin sənəd vasitəsilə Ermənistanın işğalçılıq siyasəti, azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti baradə geniş məlumat əldə etmək imkanına malik olub.

Millət vəkili çıxışında qeyd edib ki, insanların qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, insan haqları  hər birimizin qarşısında cox ciddi və məsuliyyətli vəzifə qoyur. Milyonlarla insanın qaçqın və məcburi köçkünə çevrilməsi kimi üçünsə statistika, kimi üçünsə vəzifə  ola bilər. Amma bu insanların özləri üçün bir faciədir.

Sonra millət vəkili Azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə dair məlumat verib.

"Mən əhalisinin bir milyonu qaçqın və məcburi köçkün olan Azərbaycanı təmsil edirəm. Onların taleyini yaşayan və onların həyat şəraitini öz gözləri ilə görən bir millət vəkili kimi deyə bilərəm ki,  bu insanlar bizdən ümid gözləyirlər. Bəs bu gün Avropa Şurası bu insanların ümidini doğrultmaq üçün nə edib?

Azərbaycan ərazilərinin 20 faizi qəsbkar siyasət yeridən Ermənistan tərəfindən işğala məruz qalıb. 2005-ci ilin aprel ayında AŞPA münaqişə ilə bağlı öz birmənalı və açıq mövqeyini ortaya qoyub. Qurum Dağlıq Qarabağı separatçı rejim, bu rejimin və Ermənistanın işğalçı qüvvələrinin həyata keçirdiyi siyasəti isə etnik təmizləmə siyasəti kimi pisləmişdir. İşğalçı rdövlətdən qəsb etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməyi tələb etmişdir. Lakin buna baxmayaraq bu günə qədər vəziyyət dəyişməyib. BMT-nin Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etsə də, onlar hələlik həllini tapmayıb və tətbiq edilməyib"-Hacıbəyli qeyd edib.

Millət vəkili ermənilərin işğalçı siyasətinə dair də məlumat verib.

"Ermənistan yalnız Dağlıq Qarabağı deyil, ərazi cəhətdən Dağlıq Qarabağdan 4 dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları 7 rayonu işğal etmişdir. Həmin ərazilərdə 6 şəhər, 12 şəhər tipli qəsəbə təmamilə dağıdılmış , 830-dan artıq kənd xəritədən silinmiş, onlarla tarixilik baxımından xüsusi əhəmiyyətə malik mədəni abidə, təhsil və səhiyyə ocaqları, klublar və kitabxanalar yerlə-yeksan edilmiş, muzeylər talan olunmuşdur. Bu ərazilərdə yaşayan insanlar bütün var-dövlətini silah gücünə itirmişlər. Ermənistan azərbaycanlılara vurduqları maddi və mənəvi siyana görə kompensasiya ödəməyib. Mən AŞPA-nın bu yüksək trinunasından üzümü avropalı deputatlara tutaraq onlardan soruşuram: Ermənistanın işğalı nəticəsində məhrumiyyətlərə düçar olmuş bu bir milyon insan nə vaxta qədər əziyyət çəkməlidir? Gəlin birlikdə bu sualın cavabını axtaraq"-millət vəkilini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti