...

Bakıda boks üzrə gənclərin Dünya Çempionatının keçirilməsi ilə bağlı müqavilə imzalanıb (FOTO)

Cəmiyyət Materials 12 Mart 2010 13:53 (UTC +04:00)
Azərbaycan Boks Federasiyası (ABF) və Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) arasında Bakıda gənclərin Dünya Çempionatının keçirilməsi ilə bağlı müqavilə imzalanıb.
Bakıda boks üzrə gənclərin Dünya Çempionatının keçirilməsi ilə bağlı müqavilə imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Boks Federasiyası (ABF) və Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) arasında Bakıda gənclərin Dünya Çempionatının keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

Trend -un məlumatına görə, sazişə ABF prezidenti Kəmaləddin Heydərovla AİBA prezidenti Çinq-Kuo Vu qol çəkiblər.

Çinq-Kuo Vu bildirib ki, Bakıda keçirilən "Prezident kuboku" uğrunda yarış Azərbaycan Boks Federasiyasının yüksək təşkilatçılıq bacarığını göstərdi.

"Bunu nəzərə alıb, 2010-cu il gənclərin Dünya Çempionatının təşkilatçılıq hüququnu Bakıya verdik. Yalnız AİBA deyil, WSB versiyası üzrə yarışlar da Bakıda olacaq. Gənclərin Dünya Çempionatı çox böyük əhəmiyyət daşıyacaq. Çünki yarış Yeniyetmələrin I Olimpiya Oyunlarına lisenziya xarakterlidir", - AİBA-nın prezidenti əlavə edib.

Onun sözlərinə görə, Dünya Çempionatı boks tarixində gənclər arasında ən böyük turnir olacaq. Aprelin 23-ü və mayın 1-i arasında olacaq yarışda iştirak üçün 106 ölkədən 659 boksçu qeydiyyatdan keçib. Yarımfinal və final görüşləri bütün iştirakçı ölkələrə canlı yayımlanacaq. Çempionatda Sinqapur Olimpiadasına 44 lisenziyanın sahibi bilinəcək.

AİBA prezidenti deyib ki, yarışda Ermənistanın 10 boksçusunun iştirakı gözlənilir.

"Onların təhlükəsizliyi ilə bağlı Azərbaycan hökuməti təminat verib", - Çinq-Kuo Vu deyib.

ABF prezidenti Kəmaləddin Heydərov Dünya Çempionatının Bakıda keçirilməsini böyük hadisə adlandırıb.

"İdmanda qazanılan uğurlar göz qabağındadır. Azərbaycan Boks Federasiyasının şərəfli yolu var. Ancaq müəyyən səbəblərdən son vaxtlar heç də yaxşı nəticələr əldə olunmayıb. ABF-in inkişafı üçün Milli Olimpiya Komitəsinin prezidenti tərəfindən müəyyən tapşırıqlar verilib. İnanırıq ki, tezliklə böyük nailiyyətlər qazanılacaq. Bu gün imzaladığımız sənəd AİBA-nın Azərbaycan boksuna böyük diqqət yönəltməsini göstərir. Ümidvaram ki, Azərbaycan boksu bundan sonra daha da inkişaf edəcək, boksçularımız bayrağımızı Olimpiya Oyunlarında yüksəyə qaldıracaqlar", - Heydərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti