...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Soyqırım Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Cəmiyyət Materials 30 Mart 2010 15:39 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi sədrinin fikrincə, XX əsrdə Azərbaycan xalqı ermənilərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Soyqırım Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir A.Hüseynbala/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Soyqırım Günü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.

"XX əsrdə Azərbaycan xalqı ermənilərin məqsədli şəkildə törətdikləri vəhşi qətliamlar səbəbindən on minlərlə övladını qurban verib. Azərbaycanın əzəli, əbədi torpaqlarına tarixən xaincəsinə göz dikmiş, bir əsrdə azərbaycanlılara qarşı iki dəfə qətliam törətmiş mənfur erməni ekstremistləri və onların havadarlarının əməllərinə heç cür bəraət qazandırmaq olmaz", - Trend -un məlumatına görə, çərşənbə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dünya ictimaiyyətinə ünvanladığı müraciətində bildirilir.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Paşazadə qeyd edir ki, xüsusi amansızlıqla, silahsız, dinc əhaliyə qarşı, uşaq, qadın, qocalara məhəl qoyulmadan gerçəkləşdirilmiş, bütöv kənd, şəhər və yaşayış məskənlərinin, maddi və mənəvi irsin məhv edilməsi ilə müşayiət olunmuş soyqırım aktları xalqımızın yaddaşında dərin iz qoyub. "Azərbaycanın bir çox yerlərində 92 il bundan əvvəl - 1918-ci ildə törədilmiş ağlasığmaz soyqırım cinayətlərinin qanlı izləri, kütləvi insan qəbiristanlıqları mövcuddur. Bu yaxınlarda Qubada aşkar edilmiş kütləvi məzarlıq da buna əyani sübutdur", - QMİ sədri əlavə edib.

Şeyxülislam xatırladır ki, beynəlxalq aləmdə saxta soyqırımların tanınması, soyqırım törədənlərin "soyqırım qurbanları" kimi qələmə verilməsi yönündə meyillər bizi hədsiz narahat edir. "Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlər hələ ki nəticə vermir. Bütün bunlara rəğmən, biz inanırıq ki, dünya soyqırımlara məruz qalmış Azərbaycan xalqının haqq səsinə biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardım olacaq", - Paşazadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti