...

Daşkənddə Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Cəmiyyət Materials 31 Mart 2010 19:43 (UTC +04:00)
Azərbaycanın Özbəkistandakı səfirliyi bu gün - martın 31-də Azərbaycanlıların Soyqırımı Gününü qeyd edib.
Daşkənddə Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Özbəkistan, Daşkənd, 31 mart / Trend , müxbir D.Əzizov/

Azərbaycanın Özbəkistandakı səfirliyi bu gün - martın 31-də Azərbaycanlıların Soyqırımı Gününü qeyd edib.

Toplaşanlar - Azərbaycan diasporunun fəalları, Türkiyə səfirliyinin əməkdaşları, Özbəkistanın rəsmi qurumlarının, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri soyqırım qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev ХХ əsrdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətkar əməllərin səbəblərindən və nəticələrindən danışıb.

"Dünya ictimaiyyətində ikili standartların olması ucbatından erməni təcavüzkarları indiyədək cəzasız qalaraq, Azərbaycan və Azərbaycan xalqına qarşı ekspansionist siyasəti davam etdirirlər", - Əliyev deyib.

Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən təqdim olunmuş azərbaycançılıq konsepsiyasını xatırladıb. Konsepsiyada ümummilli maraqların naminə dünya azərbaycanlılarının həmrəyliyinin nə dərəcədə vacib və aktual olması, bu hadisələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi ilə bağlı 1998-ci ildə qəbul olunmuş qərarın əhəmiyyəti vurğulanır.

Ötən gün Daşkəndin dövlət müəssisələrinə və ictimai təşkilatlarına, diplomatik və digər xarici nümayəndəliklərinə, kütləvi informasiya vasitələrinə göndərilən press-relizdə səfirlik azərbaycanlıların soyqırımı faktı, erməni təcavüzünün siyasi və hüquqi qiyməti haqqında məlumat verib.

Səfirlikdə nümayiş stendində 1918-ci il 31 mart tarixində törədilmiş soyqırım faktını təsdiqləyən fotoşəkillər, həmçinin Azərbaycan arxeoloqları tərəfindən 2007-ci ildə Quba rayonunda aşkarlanan soyqırım qurbanlarının qəbiristanlığının şəkilləri yerləşdirilib.

Səfirliyin ikinci katibi Səbuhi Abbasovun "Azərbaycan xalqının maddi mədəniyyətinə qarşı aqressiya" barədə çıxışı Qarabağda qədim Azərbaycan mədəniyyətinin erməni şovinistləri tərəfindən məhv edilməsini nümayiş etdirən slaydlarla müşayiət olunub.

Səfirlik tədbir iştirakçılarına Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsinə dair BMT-nin qətnaməsinin surəti, işğal zamanı Azərbaycana dəymiş maddi və mədəni zərərlərin siyahısı, həmçinin Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin "AV" tələbə araşdırma qrupu tərəfindən 2009-cu ildə hazırlanan "31 mart 1918-ci il" layihəsinin CD-diskləri təqdim edilib.

Xəbər lenti

Xəbər lenti