Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri 2010-1011-ci illər üçün ali məktəblərə dövlət sifarişli plan yerlərinin müəyyənləşdirilməməsindən narahatlığını bildirib.
"2010-1011-ci illər üçün ali məktəblərə dövlət sifarişli plan yerləri müəyyənləşməyib. Martın 15-nə qədər plan yerləri rəsmi olaraq TQDK-ya daxil olmalı idi, lakin hələ də daxil olmayıb. Bunun səbəbləri bizə bəlli deyil", - Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.
Trend-in arayışı: Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2010-cu ildə imzaladığı "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanında 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunun təsdiq edilməsi barədə tapşırıq verilib.
"Biz sənəd qəbulu elan etmişik. Çünki birinci mərhələ nə proqramlarla, nə də ki ixtisaslarla bağlı deyil. Abituriyentlər yalnız məntiq, informatika və xarici dil üzrə imtahan verəcəklər. Bu ərizəni doldurmaq üçün proqram və ya yer seçmək lazım deyil. Dövlət sifarişi üzrə hansı yerlər olacaqsa, bunun üzərində təhsil, iqtisadi inkişaf nazirlikləri və Nazirlər Kabineti işləyir. Məlumat daxil olan kimi dərhal ictimaiyyətə çatdıracağıq", - Abbaszadə bildirib.