Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanın təhsil naziri hesab edir ki, təhsil müəssisələrinin hamısının mühafizəsinin hüquq-mühafizə orqanları tərəfindən təmin edilməsi reallıqdan uzaqdır.
"Azərbaycanda 7 mindən artıq təhsil müəssisəsi var. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən qorunmasını təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilərlər və edirlər". Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Nazirin sözlərinə görə, Baş Prokurorluğun mühafizənin təşkili ilə bağlı tövsiyə məktubuna cavab hazırlanır və bir ay müddətinə göndəriləcək.
Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla əlaqədar başlanmış cinayət işinin istintaqının nəticəsi barədə baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə nazirliyə məktub göndərilib.
2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına odlu silahla hücum edən Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb.
Həmin cinayət işi üzrə 4 nəfər həbs olunub və barələrindəki cinayət işinin istintaqı yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilib. Təhsil naziri jurnalistlərə bildirib ki, bu məktubdan sonra bütün təhsil müəssisələrinin rəhbərliyinə mühafizənin təmin olunması məsələsinə yenidən baxılması barədə tapşırıqlar verib.
Məktubda qeyd olunur ki, ADNA-nın hadisə baş vermiş ikinci korpusunun mühafizəsinin təşkil olunmaması, korpusa daxil olan şəxslərin tələbə biletlərinin və xidməti vəsiqələrinin yoxlanılmaması səbəbindən cinayəti törətmiş şəxslər binada sərbəst gəzib və giriş-çıxışı öyrəniblər.