Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Güləş Federasiyası azarkeşlərin Bakıda keçirilən Avropa çempionatını izləmək üçün gediş-gəlişini asanlaşdırmaq məqsədilə yarışlar başa çatanadək hər gün saat 11.00-dan etibarən hər saatdan bir metronun "20 Yanvar", "Gənclik" və "Nizami" stansiyalarından Heydər Əliyev adına İdman-Konsert Kompleksinə və geriyə istiqamətdə pulsuz avtobus reysləri təşkil edir. Bu barədə Trend-ə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildiriblər.
Avtobusların üzərində çempionatın loqosu və adı var. Arenaya giriş pulsuzdur, yarışlar hər gün saat 13.00-da, final və üçüncülük görüşləri isə saat 19.00-da başlayır.
Aprelin 13-dən 18-dək Bakıda yunan-Roma, sərbəst və qadın güləşi üzrə Avropa çempionatı keçirilir.
Aprelin 13-14-də sərbəst yarışlar keçirilib, aprelin 15-16-da qadınlar çıxış edir, 17-18-də isə klassik üslubda güləşlə turnir başa çatacaq.