Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir M.Əliyev/
Azərbayanın ucqar rayonlarında pedaqoji kadrlara ehtiyac var. Bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, əgər 6-7 il əvvəl yeddi min kadra ehtiyac vardısa, hazırda bu problem, təxminən, 80 faiz həll olunub. "Kənd məktəblərində kadr probleminin həlli məqsədilə Nazirlər Kabinetinə gənc pedaqoqların stimullaşdırılması üzrə yeni proqram təklif etmişik və proqram təsdiqlənib", - nazir deyib.
Ötən həftə Azərbaycan hökuməti pedaqoji profilli ali və orta-ixtisas məktəblərini bitirən və ümumtəhsil tədris müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün əlavə güzəşt və stimulları müəyyən edib.
Qərara əsasən, tələbatın təmin edilməsi, gənc mütəxəssislərin daimi yaşaması üçün torpaq sahəsinin ayrılması və ipoteka kreditinin alınması üçün bələdiyyələrlə birlikdə yerli hakimiyyətlər tərəfindən lazımi yardım göstəriləcək. "Rayon mərkəzindən 20 kilometrdən çox məsafədə yerləşən ümumtəhsil tədris müəssisələrində əmək fəaliyyətinə başlayacaq hər kəsin aylıq əmək haqqına üç il müddətində 70 manat əlavə olunacaq", - qərarda deyilir.
Bundan əlavə, pedaqoji profilli ali və orta ixtisas məktəblərini bitirən və ucqar kəndlərdə ümumtəhsil tədris müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərin rifahı, əmlakının daşınması, yol və nəqliyyat xərclərinin ödənilməsi üçün birdəfəlik pul yardımının verilməsi nəzərdə tutulur.