Azərbaycanın Ukraynadakı diasporu qondarma "erməni soyqırımı" abidəsinin ucaldılması ilə bağlı etirazını bildirib

Cəmiyyət Materials 21 Aprel 2010 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ukraynadakı diasporu Kiyevdə qondarma "erməni soyqırımı" "qurbanlarına" abidə ucaldılması ilə bağlı ölkənin ali rəsmi şəxslərinə etirazını bildirib. Bu barədə çərşənbə günü Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Trend-ə bildirib.

Onun sözlərinə görə, Konqres Ukrayna Prezidentinə, Ali Radanın sədrinə, xarici işlər nazirinə ermənilər tərəfindən tarixi faktların saxtalaşdırıldığını əks etdirən müraciət ünvanlayıb.

"Biz həmçinin Kiyev şəhər prokurorluğuna da etiraz məktubu göndərmişik və hesab edirik ki, bu ədalətsizliyin qarşısını ala biləcəyik", - Gülməmmədov bildirib.

Bundan başqa, Konqres sədri bildirib ki, ermənilərin aksiyasına paralel olaraq, qondarma "erməni soyqırımı"na etiraz əlaməti kimi azərbaycanlıların da aksiya keçirməsi planlaşdırılır.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti