...

Dini liderlərin missiyası bütün bəşəriyyət naminə millətlərarası əlaqələrin möhkəmləndirilməsidir - İkinci Qaregin

Cəmiyyət Materials 26 Aprel 2010 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Dünya xalqlarının humanizm prinsipləri eynidir və dini liderlərin missiyası bəşəriyyət naminə millətlərarası əlaqələrin möhkəmləndirilməsindən ibarətdir. Bunu bütün ermənilərin katalikosu İkinci Qaregin Bakıda keçirilən dini liderlərin Ümumdünya sammitindəki çıxışında deyib.

"Bakıda olarkən biz Allaha şükür edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları davam edir", - o deyib.

Katalikos bütün ermənilərin adından bu məsələdə Rusiya pravoslav kilsəsinin və patriarx Kirilin vasitəçilik səylərini qeyd edib.

"Bizim ölkələrin (Azərbaycan və Ermənistan) hakimiyyətləri münaqişənin həlli ilə bağlı danışıqlar prosesini davam etdirir və iki ölkənin dini liderlərinin borcu bizim prezidentlərin dinc nizamlanma üçün göstərdikləri səyləri dəstəkləməkdir", - İkinci Qaregin bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Bütün ermənilərin katalikosu İkinci Qaregin dünya dini liderlərinin növbəti sammitinin Ermənistanda keçirilməsini təklif edib və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadəni bu görüşdə iştiraka dəvət edib.

Xəbər lenti

Xəbər lenti