...

Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü ilə bağlı forum keçiriləcək

Cəmiyyət Materials 25 May 2010 18:04 (UTC +04:00)
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlı forum keçiriləcək.
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü ilə bağlı forum keçiriləcək

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Hacıyev/

Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlı forum keçiriləcək.

Trend-in çərşənbə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, forum Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) təşkilatçılığı ilə mayın 28-30-da Qerolştayn (Gerolstein) şəhərində keçiriləcək. AXC-nin qurucuları haqqında forum iştirakçılarına məlumat veriləcək, tariximizin bu səhifəsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Həmin gün forumun rəsmi hissəsindən sonra 28 May - Respublika Günü qeyd olunacaq.

Trend-in arayışı: Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-ci il may ayının 28-də yaradılıb. AXC-nin ikiillik müstəqil fəaliyyəti zamanı Azərbaycanda bir sıra islahatlar həyata keçirilib, dünyanın müxtəlif dövlətləri ilə iqtisadi və siyasi əməkdaşlıq haqqında müqavilələr imzalanıb. 1920-ci il aprel ayının 28-də sovet qoşunlarının Azərbaycanı işğal etməsi ilə AXC süquta uğrayıb və öz yerini Azərbaycan SSR-ə verib.

Forumun ikinci günündə Almaniyada təhsil, iş, karyera imkanları, inteqrasiya və digər mövzularda tələbə və doktorantların məruzələri dinləniləcək, gələcək layihələr haqqında diskussiyalar aparılacaq.

Forumun sonuncu günündə ATEİB-in illik toplantısı keçiriləcək. Toplantıda indiyə kimi görülən işlər haqqında hesabat veriləcək və idarə heyəti seçkilər vasitəsilə yenidən formalaşdırılacaq. Seçiləcək yeni idarə heyəti isə növbəti illərin iş planını müzakirəyə çıxaracaq və təsdiqləyəcək.

ATEİB Almaniyanın Frayberq (Freiberg) şəhərində 2009-cu il yanvarın 12-də rəsmi qeydiyyatdan keçmiş QHT olaraq fəaliyyət göstərir. Birliyin rəsmi saytı "www.vasw.de" iki dildə - həm Azərbaycan, həm də alman dilində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti