Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/
Qafqaz Müsəlmanları İdarəsi İsrail hərbçilərinin könüllülərə qarşı zorakılığı ilə əlaqədar bəyanat verib.
Qafqaz Müsəlmanları İdarəsi Qəzza sakinlərinə humanitar yardım aparan "Azadlıq donanması"nın könüllülərinə qarşı törədilən zorakılığın günahkarlarını cəzalandırmağa və Qəzza sakinlərinə humanitar yardım göstərilməsi üçün yolların açılmasına çağırıb. Bu barədə çərşənbə axşamı idarədən Trendə daxil olan bəyanatda deyilir.
İsrail xüsusi təyinatlıları bazar günündən bazar ertəsinə keçən gecə neytral sularda 6 gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçiriblər. Donanmanın tərkibində mühasirədə olan Qəzza sektoruna yollanan humanitar yüklə birlikdə ən azı 600 hüquq müdafiəçisi olub. Onların əksəriyyəti türk vətəndaşları olub.
Dünya KİV-in verdiyi məlumata görə, hazırda İsrailin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində qurbanların sayı 19 nəfərə çatıb. İsraillilərsə 10 nəfərin öldüyünü iddia edirlər.
"Blokadada olan Qəzza sakinlərinə humanitar yardım aparan könüllülərə qarşı beynəlxalq hüquqa uyğun gəlməyən münasibət Qafqaz müsəlmanlarında hiddət doğurub", - bəyanatda bildirilir.
"İllərlə blokadada olan, dünyadan təcrid olunmuş, Qəzza sektorunda yaşamaq hüququndan faktiki olaraq məhrum edilmiş insanlara yardım göstərmək üçün yollanan adamların həyatına qəsd yolverilməzdir və insanlığa ziddir", - bəyanatda deyilir.
Qafqaz Müsəlmanları İdarəsi həlak olanlara Uca Tanrıdan rəhmət, onların qohum və yaxınlarına səbr, yaralılara isə şəfa diləyir.