...

Milli Qurtuluş Günü Ukraynada qeyd olunub (FOTO)

Cəmiyyət Materials 15 İyun 2010 10:29 (UTC +04:00)
Milli Qurtuluş Günü Ukraynada qeyd olunub
Milli Qurtuluş Günü Ukraynada qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir M.Əliyev/

Milli Qurtuluş Günü Ukraynada qeyd olunub.

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) bir sıra vilayət təşkilatlarının rəhbərləri, Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı təmsilçiliyinin nümayəndələri, ziyalılar, gənclər, tələbələr və diaspor fəalları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoymaqla ulu öndərin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov 17 il bundan öncə xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələrək müstəqil dövlətimizi parçalanmaq təhlükəsindən xilas edən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. Məlumatı çərşənbə axşamı UAK-ın mətbuat xidməti yayıb.

Qurtuluş Gününü müstəqil Azərbaycan dövlətinin zülmətdən işığa boylanan şərəf və şan tarixi adlandıran Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə müstəqil Azərbaycan dövlətinin əbədi qarantına çevrilən Heydər Əliyev şəxsiyyətinin xilaskarlıq missiyasından söz açıb.

Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev çıxışında deyib ki, 1993-cü ilin 15 iyun tarixində xaos və parçalanmaq təhlükəsindən azad olan Azərbaycan ulu öndər Heydər Əliyevin iradəsi, müdrik uzaqgörənliyi ilə inkişaf edərək 50 milyonluq dünya azərbaycanlılarının fəxarət və qürur mənbəyinə çevrilib.

Hacıyev müstəqil dövlətimizi dünyanın inkişaf etmiş ölkələri sırasında nüfuz sahibinə çevirən dahi Heydər Əliyev ideyalarının dünya durduqca yaşayacağını bildirib.

Tədbirdə Ukraynada yaşayan Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının üzvlərindən İlhamə Allahverdiyeva, İsgəndər Zamanov, "İrəli" İctimai Birliyinin Ukrayna təmsilçisi Cavid Hüseynzadə və digər gənclər çağdaş Azərbaycan tarixinin şanlı salnaməsinə çevrilən 15 iyun - Milli Qurtuluş Gününün xüsusi əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, Qurtuluş Günü ilə işıqlı sabaha doğru irəliləyən Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək bölgənin aparıcı dövlətinə çevrilib.

Xəbər lenti

Xəbər lenti