...

Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 13 İyul 2010 17:06 (UTC +04:00)
Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr ounmuş "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib.
Azərbaycan milli mətbuatının 135 illiyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr ounmuş "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib. Trend-in Mətbuat Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, konfrans çərşənbə axşamı Lənkəran şəhərində baş tutub.

Tədbiri giriş sözü ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açıb.

Süleymanov ölkədə media sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif aspektləri barədə məlumat verib. O bildirib ki, ölkə Prezidentinin milli mətbuatın 135 illik yubileyinin keçirilməsi haqqında 10 iyun 2010-cu il tarixli sərəncamından irəli gələrək müxtəlif bölgələrdə konfranslar düzənlənib. Tədbirlərin yüksək şəkildə təşkil olunduğunu, medianın hazırkı durumu, keçdiyi tarixi yol haqqında geniş diskussiyaların aparıldığını deyən şöbə müdirinin müavini Lənkəranda baş tutan toplantının da əhəmiyyətli olacağına əminliyini bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda məruzə edib. Şura sədri bildirib ki, 1875-ci ildən bu günədək Azərbaycan mətbuatı respublikanın ictimai-siyasi, sosial-mədəni ab-havasının formalaşmasında başlıca faktor rolunu oynamağı bacarıb. Amaşov bunu böyük nailiyyət adlandırıb və mövcud statusun heç də asanlıqla əldə edilmədiyini vurğulayıb.

"Həsən bəy "Əkinçi"nin nəşrini demək olar ki, tək həyata keçirib. Əsrin əvvəllərində fəaliyyət göstərən müstəqil ruhlu mətbuatın fəaliyyətinə qarşı çar Rusiyası tərəfindən məhdudiyyətlər olub. Sovet dönəmi hər birimizə yaxşı məlumdur. Qadağalar, təqiblər və sair. Bununla belə mətbuatımız əsrin sonlarına doğru əsrin əvvəllərində oynadığı missiyanı təkrarən üzərinə götürdü - Azərbaycanın müstəqillik ideyasının carçısına çevrildi", - Amaşov əlavə edib.

Mətbuat Şurasının sədri ölkədə media sahəsində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu bildirib və diqqəti bəzi sui-istifadə hallarına da yönəldib

"Ölkədə qəzet, jurnal, informasiya agentliyi təsisi üçün münbit şərait var. Hər kəs cüzi tələbləri yerinə yetirməklə media sahibi ola bilər. İstərdim ki, məsələnin mənfi və müsbət tərəflərini ətraflı nəzərdən keçirək. Kütləvi informasiya vasitələrinin 4000-i ötən sayı keyfiyyətlə nə dərəcədə uzlaşır?" - Amaşov qeyd edib.

Məruzə ətrafında çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Mətbuata dövlət dəstəyinin prinsip və formaları barədə məlumat verən Səfərli qurumun qarşıdakı görəcəyi işlər barədə məlumat verib.

Digər çıxış edənlər ölkə rəhbərliyinin söz və mətbuat azadlığı ilə bağlı məsələlərə daim həssas yanaşdığını bildirərək milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin sərəncamını jurnalistikanın tarixinə verilən önəmin növbəti bariz nümunəsi kimi dəyərləndiriblər.

Xəbər lenti

Xəbər lenti