...

Azərbaycan avarçəkmə üzrə dünya çempionatında üç idmançı ilə təmsil olunacaq

Cəmiyyət Materials 4 Avqust 2010 13:16 (UTC +04:00)
Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən bildiriblər.
Azərbaycan avarçəkmə üzrə dünya çempionatında üç idmançı ilə təmsil olunacaq

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan avarçəkmə üzrə dünya çempionatında üç idmançı ilə təmsil olunacaq. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən bildiriblər.

AMAF-ın məlumatnda qeyd olunub ki, avqustun 5-də Çexiyanın Raçitse şəhərində 18 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. Dörd gün davam edəcək nüfuzlu yarışa 49 ölkədən 677 idmançı qatılacaq. Azərbaycanı bir qız, iki oğlan avarçəkən təmsil edəcək.

Qızların mübarizəsində Toni Boteva birnəfərlik qayıqla (JW1X), oğlanların yarışında isə Radoslav Drenovski - Aleksandr Qlotov dueti ikinəfərlik sükansız qayıqla (JM2-) 2000 metr məsafəyə yürüşdə qüvvələrini sınayacaqlar.

Ölkəmiz 18 yaşlıların dünya birinciliyində ardıcıl üçüncü il çıxış edəcək. Aleksandr Qlotov isə artıq üçüncü belə yarışda mübarizə aparacaq. 2008-ci ildə Avstriyanın Lints, ötən il isə Fransanın Briv la Qayard şəhərində təşkil olunmuş dünya çempionatında o, Teymur Kutseba ilə birgə ikinəfərlik sükansız qayıqda yarışıb. Lintsdə 24 cütlük arasında sonuncu olan Kutseba - Qlotov dueti Briv la Qayardda iyirmi altı cütlük arasında 14-cü yeri tutub. Amma qarşıdakı dünya çempionatında Aleksandr Qlotov Radoslav Drenovski ilə eyni qayıqda yer alacaq. Toni Boteva isə on səkkiz yaşlılar arasında mundialda ölkəmizi təmsil edən ilk qız akademik avarçəkən olacaq.

Hər üç idmançımız dünya çempionatına akademik avarçəkmə üzrə milli komandamızın almaniyalı baş məşqçisi Rudiger Hauffenin rəhbərliyi altında hazırlaşıb. Məsul yarış öncəsi avarçəkənlərimiz Almaniyada təlim-məşq toplantısında və müxtəlif beynəlxalq turnirlərdə qüvvələrini sınayaraq, özlərini müsbət tərəfdən göstərməyi bacarıblar.

Xəbər lenti

Xəbər lenti