Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir T.Hacıyev/
Türkiyə Dağçılıq Federasiyasının təşkilatçılığı ilə Ağrı dağına yürüşə Türkiyə-Azərbaycan Dərnəyinin (TAD) üzvləri də qatılıblar. Bu barədə bazar ertəsi Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat veriblər.
80 nəfər alpinistin iştirakı ilə keçirilən yürüş iştirakçılarının 37-si xarici ölkələrin təmsilçiləri olublar.
TAD-ın sədri Sinan Oğan yürüşün təfərrüatları haqqında danışıb: "Ağrı dağına çıxmış dərnək üzvləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət - iki dövlətik" kəlamları yazılmış lövhələri 5 min 137 metr yüksəklikdə dağın zirvəsinə bərkidiblər".
O deyib ki, yeni fəaliyyətə başlanmasına baxmayaraq, TAD artıq bir neçə yaddaqalan tədbir keçirə bilib: "Bunların sırasında Ankarada Azərbaycan gecəsi, Keçiören Bələdiyyəsi ilə birlikdə Beynəlxalq Ramazan Festivalı və s. tədbirlər olub", - Oğan deyib.