...

Azərbaycanda insan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu mövzusunda "dəyirmi masa" keçirilib

Cəmiyyət Materials 15 Sentyabr 2010 14:02 (UTC +04:00)
Azərbaycanda çərşənbə günü insan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu mövzusunda "dəyirmi masa" keçirilib.
Azərbaycanda insan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu mövzusunda "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda çərşənbə günü insan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu mövzusunda "dəyirmi masa" keçirilib.

"İnsan alveri zorakılığın ən kəskin formalarından biri olaraq, qadınların və uşaqların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur", - Trend-in məlumatına görə, bunu tədbirdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi bu sahədə Daxili İşlər Nazirliyi ilə sıx əlaqə qurub və daim birgə sorğular keçirir.

"Aparılan təhlillər qeyri-qanuni miqrasiya ilə bağli insanlar arasında maarifçilik işinin vacib olduğunu göstərir", - Hüseynova bildirib.

Dövlət Komitəsinin sədri bildirib ki, zorakılığın qurbanlarına çevrilən insanların reabilitasiyası üçün xüsusi müəssisələr olmalıdır. Onun sözlərinə görə, Azərbaycanda artıq belə bir tərcübə yaranır və ilkin mərhələdədir.

Tədbirdə iştirak edən Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa bildirib ki, insan alveri qurbanlarının reabilitasiyası nəzərdə tutulmalıdır.

Onun sözlərinə görə, sadəcə, cinayətkarları yaxalayıb məsuliyyətə cəlb etmək kifayət etmir, qurbanları da reabilitasiya edib cəmiyyətə qaytarmaq lazımdır.

"Məişətdə baş verən zorakılıq sərhəd tanımır - hər cür təbəqədən olan ailələrdə belə problemlərə rast gəlinir", - Vayra Vike-Freyberqa deyib.

Latviyanın sabiq prezidenti bildirib ki, məişət zorakılığı ailənin daxili işi deyil, ona görə də məişət zorakılığına qarşı operativ reaksiya vermək üçün polislərə təlimlər keçirilməlidir. O qeyd edib ki, tibb və təhsil işçilərinə də təlim keçilməlidir ki, zorakılıq halı müşahidə etdiyi zaman, müvafiq qurumlara müraciət etsinlər.

"Latviyanın təcrübəsi onu göstərir ki, insan alveri və məişət zorakılığı ilə bağlı maarifləndirmə bütün cəmiyyətdə həyata keçirilməlidir", - o bildirib.

Millət vəkili Qənirə Paşayeva "dəyirmi masa"da bildirib ki, insan alveri silah və narkotik alverindən sonra, ən gəlirli sahə hesab edilir və ona görə də bu işlə məşğul  cinayətkarlar insan alveri ilə mübarizəyə müqavimət göstərirlər. O bildirib ki, bu sahədə Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsi və qəbul edilən proqramlar insan alveri ilə mübarizədə olduqca vacibdir.

"Bununla yanaşı, maarifləndirmə işi və cəmiyyətin də bu məsələyə münasibəti əhəmiyyətli rol oynayır. Azərbaycanda insan alveri halları getdikcə azalmaqdadır ki, bu da görülən işlərin nəticəsidir", - millət vəkili bildirib.

DİN İnsan alverinə qarşı mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev tədbirdə bildirib ki, Azərbaycanda insan alveri ilə mübarizə sahəsində qanunvericilik təkmilləşdirilib və ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. "Nazirliyin insan alveri ilə mübarizəyə dair internet-səhifəsi və "qaynar xətt" yaradılıb. Bundan əlavə, KİV-də də maarifləndirmə işləri aparılıb", - o bildirib.

DİN-in rəsmi məlumatına görə, bu ilin birinci yarısında insan alveri ilə bağlı cinayətlərə görə, 70 nəfər məsuliyyətə cəlb olunub. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% artıb, həmin cinayətləri törədənlərin 65,7%-i qadınlar olub.

Xəbər lenti

Xəbər lenti