Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Ü. Sadıqova/
Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvota 2 500 nəfər təşkil edir. Bu barədə cümə axşamı Trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) rəhbərinin müavini Hacı Salman Musayev məlumat verib.
"Təyyarədə səyahət etmək üçün ayrılan yerlər artıq dolub, avtobusla səyahət üçün qalan yerlər isə sürətlə təxsis edilir. Texniki işlər başa çatdıqdan sonra, Həccə yola düşmək mümkün olacaq", - Musayev Trend-ə bildirib.
Zəvvarların son illər artan şikayətlərinə toxunan QMİ rəhbərinin müavini bildirib ki, müsəlmanlar üçün müqəddəs olan Məkkə və Mədinə şəhərlərinə zəvvarların nəhəng axınını nəzərə alaraq, hamının tələblərini təmin etmək mümkün deyil.
"Problem ondadır ki, heç də hamı zəvvar olmağa getdiyini anlamır. Həcc əziyyət tələb edir, lakin heç də hamı bununla barışmağa hazır deyil. Məsələn, zəvvarlar müəyyən məsafəni piyada getməlidirlər, çünki avtobuslar həmin yerlərə gedib çata bilmirlər və ya avtobusların verilməsində yubanma ola bilər", - Musayev bildirib.
Səudiyyə Ərəbistanına səyahət ayı noyabrın 20-də başlayacaq.
Bu il Həcc zamanı yeniliklərdən biri monorelsli dəmir yolunun işə salınması olacaq. O, Məkkədəki, Mina vadisindəki, Ərəfat və Müzdəlif dağlarının ətəklərindəki müqəddəs yerləri birləşdirəcək.
Builki Həcc ziyarətində 1,7 milyon zəvvarın iştirak edəcəyi gözlənilir.
Səudiyyə KİV-in məlumatına görə, son 6 ay ərzində 2,6 milyon zəvvar müqəddəs yerləri ziyarət edərək kiçik Həcc - yəni ümrə həyata keçirib.