...

"Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..." adlı kitabın təqdimatı keçiriləcək

Cəmiyyət Materials 27 Sentyabr 2010 18:30 (UTC +04:00)
Sabah Atatürk Mərkəzində Azərbaycanın millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın tərtib etdiyi "Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..." adlı kitabın təqdimatı keçiriləcək.
"Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..." adlı kitabın təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Sabah Atatürk Mərkəzində Azərbaycanın millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın tərtib etdiyi "Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..." adlı kitabın təqdimatı keçiriləcək.

Kitabda türk dünyasının böyük ictimai-siyasi xadimlərindən biri, Şimali Kipr türklərinin lideri, Şimali Kipr Türk Respublikasının (ŞKTR) ilk prezidenti Rauf Denktaşın uşaqlıq və gənclik illəri, onun ada türklərinin haqları uğrunda XX yüzilin ortalarından etibarən başladığı mübarizə, siyasi-diplomatik fəaliyyəti, Barış hərəkatı ilə bağlı fikirləri, xatirələri, ŞKTR-in keçmişi, bu günü və sabahına yönəlmiş düşüncələri, türk dünyası dəyərləndirmələri ilə bağlı maraqlı bilgilər toplanıb və bu bilgilər vahid süjet xətti üzrə kitablaşdırılıb.

Paşayeva peşəkar jurnalistlik fəaliyyəti dövründə dəfələrlə Kipr adasında olub, bu səfərlər çərçivəsində bir neçə dəfə Rauf Denktaşla görüşüb, ondan geniş müsahibələr götürüb, proqramlar, verilişlər hazırlayıb. Bu kitab nəşrə hazırlanarkən, həmin müsahibələr, proqramlar və verilişlərin (kitaba həmçinin həmin müsahibələrin indiyədək yayımlanmayan hissələri də daxildir) mətnindən, habelə Rauf Denktaşın xanım Paşayevaya bağışladığı kitablardan istifadə edilib.

"Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..." kitabı Denktaşın "Kıbrıs. Elli yılın hikayesi" adlı kitabının strukturuna uyğun tərtib edilib.

Tərtibçi-müəllifi millət vəkili Qənirə Paşayeva olan bu kitabın baş məsləhətçisi Şimali Kipr Türk Respublikasının Bakıdakə təmsilçiliyinin rəhbəri Zəki Qazioğlu, redaktoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalıdır.

Təqdimat mərasimində Rauf Denktaşın oğlu, Demokrat Partiyasının lideri, ŞKTR-in keçmiş xarici işlər naziri Sərdar Denktaş, Türkiyədən və Azərbaycandan olan millət vəkilləri, diplomatik korpusun nümayəndələri, ictimai-siyasi və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak edəcəklər.

"Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..." kitabı millət vəkili Qənirə Paşayevanın həyata keçirdiyi "Türk dünyasını tanıyaq və tanıdaq" layihəsi çərçivəsində hazırlanıb. Bu layihədə məqsəd Türk dünyasının müxtəlif bölgələrini, tarixini, bu gününü, böyük liderlərini və dahi şəxsiyyətlərini Azərbaycan gəncliyinə, eyni zamanda, Azərbaycanın dahi şəxsiyyətlərini, liderlərini Türk dünyası başda olmaqla, dünyada daha geniş tanıtmaq işinə dəstək göstərməkdir.

Layihə çərçivəsində millət vəkilinin Türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev haqqında, eyni zamanda, bütün dünyada məhşur olan dahi şəxsiyyətlərimiz Nəsirəddin Tusi, Şəhriyar, Lütfi Zadə, Tahir Salahov haqqında, türk və müsəlman qadınlarını dünyada ən yüksək səviyyədə təmsil edən və fəaliyyəti ilə hər yerdə böyük rəğbət qazanan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında və bir sıra böyük şəxsiyyətlər haqqında geniş yazıları Azərbaycan dili ilə yanaşı, Türkiyə türkcəsində, rus və ingilis dillərində dünyanın bir sıra ölkələrinin KİV-də, məhşur jurnallarında çap edilib.

Bu layihə çərçivəsində ilin sonunda millət vəkili Qənirə Paşayevanın Azərbaycan xalqının və bütün Türk dünyasının böyük liderlərindən olan, Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında tərtib etdiyi kitabının Türkiyə türkcəsində Türkiyənin müxtəlif bölgələrində və Kiprdə təqdimatı keçiriləcək. Kitabda özünün jurnalistlik fəaliyyəti dövründə Heydər Əliyevi bir çox səfərlərdə müşayiət edən Qənirə Paşayevanın Azərbaycanın ümumimilli lideri ilə bağlı indiyədək işıq üzü görməyən çox maraqlı xatirələri də yer alacaq.

Gələn ilin əvvəlində isə layihə çərçivəsində millət vəkilinin Türk dünyasının böyük liderlərindən biri Atatürk haqqında yazdığı və çap olunmuş məqalələri kitab halında işıq üzü görəcək.

İndiyədək "Türk dünyasını tanıyaq və tanıdaq" layihəsi çərçivəsində millət vəkili Qənirə Paşayevanın Anadoluda ilk türk paytaxtı - İznik və Osmanlı İmperiyasının ilk paytaxtı Bursa haqqında geniş yazıları və Şimali Kipr türkləri kitabı da Azərbaycan oxucusunun ixtiyarına verilib.

Xəbər lenti

Xəbər lenti