...

RAGT Moskvada İÇV/QİÇS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirib

Cəmiyyət Materials 12 Oktyabr 2010 03:11 (UTC +04:00)
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzində (RECM) olmuş, ölkənin bu aparıcı tibb müəssisəsinin rəhbərləri ilə görüşmüşlər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
RAGT Moskvada İÇV/QİÇS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirib

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu akademik B.V.Petrovski adına Rusiya Elmi Cərrahiyyə Mərkəzində (RECM) olmuş, ölkənin bu aparıcı tibb müəssisəsinin rəhbərləri ilə görüşmüşlər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

RECM-in direktoru Sergey Dzemeşkeviç ilə görüşdə tibbi kadrların hazırlanması, təcrübə və mütəxəssislər mübadiləsi, eləcə də birgə tədbirlər və aksiyalar keçirilməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Sonra Leyla Əliyeva mərkəzdə ordinatorlar və aspirantlar ilə görüşmüş, onlar təşəbbüslərini dəstəklədiyinə görə Leyla Əliyevaya təşəkkür məktubunu təqdim etmişlər.

Görüş başa çatandan sonra Leyla Əliyeva Azərbaycanın tanınmış bəstəkarı və pianoçusu Rafiq Babayevin disklərinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kolleksiyasını mərkəzin muzeyinə hədiyyə etmişdir.

Leyla Əliyeva görkəmli sovet və Rusiya cərrahı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, 1957-ci ildə "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülmüş professor B.Petrovskinin memorial muzeyinin ekspozisiyası ilə tanış olmuşdur.

Daha sonra RAGT-nin sədri Leyla Əliyeva böyrək və qara ciyər transplantasiyası şöbəsinə baş çəkmiş, burada Nijni Novqorod şəhərindən olan 11 yaşlı həmvətənimiz, Heydər Əliyev Fondunun vəsaiti hesabına müalicə olunan Camal Bəkirovla görüşmüşdür.

Həmin gün İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) binasında İÇV/QİÇS-ə qarşı mübarizə probleminə həsr edilmiş konfrans keçirilmişdir. RAGT-nin tibb seksiyası, Azərbaycanın RF-dəki səfirliyi və YUNEYDS (BMT-nin İÇV/QİÇS üzrə birgə proqramı) tərəfindən təşkil edilmiş konfransın məqsədi İÇV/infeksiya barədə gəncləri məlumatlandırmaq və xəstəliyin profilaktikasıdır.

RAGT-nin sədri, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva konfrans iştirakçılarını salamlamışdır. O qeyd etmişdir ki, müzakirə edilən mövzu müasir gənclərin ən ağrılı və ciddi problemlərindən biridir və bu konfrans gəncləri QİÇS-in təhlükəli xəstəlik olması barədə məlumatlandırmağa kömək edəcəkdir. L.Əliyeva əksər hallarda gənclərin mübtəla olduğu bu xəstəliyin yayılması barədə statistik məlumatları açıqlamışdır. Leyla Əliyeva demişdir: "Aşkardır ki, QİÇS səhiyyənin ciddi problemlərindən biridir və onun həllini axtarmaq zəruridir. Heydər Əliyev Fondu Azərbaycanda səhiyyə məsələlərinə çox böyük diqqət yetirir. Fondun təşəbbüsü ilə respublikada bir neçə müasir tibbi mərkəz tikilmişdir, Beynəlxalq Diabet Federasiyası ilə fəal əməkdaşlıq edilir, talassemiya kimi təhlükəli xəstəliklərə qarşı mübarizə məsələsinə böyük diqqət yetirilir. Heydər Əliyev Fondu YUNESKO, İSESKO, YUNEYDS və digər beynəlxalq təşkilatlarla da səhiyyə sahəsində fəal əməkdaşlıq edir. Azərbaycan Səhiyyə Nazirliyi ilə birlikdə uşaqlar arasında qızılca, məxmərək və digər xəstəliklər əleyhinə kütləvi immunlaşdırma tədbirləri həyata keçirilmişdir. Bu ilin baharında isə Azərbaycanda QİÇS barədə məlumatın insanlara çatdırılması məqsədilə "Uşaq göy qurşağı" layihəsi həyata keçirilmişdir.

Fondun Rusiya nümayəndəliyinin rəhbəri vurğulamışdır ki, RAGT də səhiyyə problemlərindən kənarda qalmır və müntəzəm surətdə müxtəlif xeyriyyə tədbirləri keçirir. "Sağlam olduğunu yəqin et. Xəstəliyə yox de" layihəsi çərçivəsində həmvətənlərimiz pulsuz müayinə edilmişlər. Hər il "Qanın milləti yoxdur" donor aksiyası keçirilir. L.Əliyevanın sözlərinə görə, RAGT-nin regional bölmələri də QİÇS-in təhlükəli xəstəlik olması, onun qarşısının alınması və profilaktikası, eləcə də narkotiklərin, tütünün və alkoqolun zərəri barədə gəncləri məlumatlandırmaq üçün böyük iş aparırlar.

Leyla Əliyeva sonda demişdir: "Biz sağlam həyat tərzini və gənclərin idman təşəbbüslərini həmişə alqışlayırıq. Bugünkü konfrans QİÇS təhlükəsi barədə məlumatlandırma üzrə növbəti layihəmizdir. Əminəm ki, səylərimiz sayəsində gənclərin bilikləri artacaq və neçə-neçə insanın həyatı xilas ediləcəkdir. Bu isə o deməkdir ki, gördüyümüz bütün işlər çox vacibdir və biz bu istiqamətdə işi davam etdirməliyik". O, konfransın bütün iştirakçılarına və insanların həyatına biganə olmayan fəallara təşəkkür etmişdir.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat çərçivəsində gənclərin problemlərinə və sağlamlığına göstərilən diqqətə görə ona təşəkkürünü bildirmiş, bu konfransın gənc nəsil üçün əhəmiyyətindən söhbət açmışdır.

YUNEYDS proqramının Rusiya və Azərbaycan üzrə direktorları Denis Y.Brun və professor Həqiqət Qədirova bütün dünyada, o cümlədən Rusiya və Azərbaycanda İÇV-infeksiya ilə əlaqədar vəziyyət barədə məruzələrlə çıxış etmişlər. Tibb Akademiyasının 2-ci kurs tələbəsi Aytac Əliyeva gənclər adından çıxış edərək RAGT-nin QİÇS-ə qarşı mübarizə planları və bu problemlə əlaqədar təkcə Moskvada deyil, Rusiyanın başqa regionlarında da həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat vermişdir.

Tədbirin sonunda məlumat xarakterli broşürlər paylanmışdır.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti