Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda Uşaq hüquqları aylığına start verilib.
Ombudsman Aparatının mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, aylığın keçirilməsinin əsas məqsədi uşaqların hüquqlarının, o cümlədən, təhsil, sağlamlıq hüquqlarının müdafiəsinə, sosial problemlərinə, onların yolverilməz əməyə cəlb edilməsinə, qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyaclı, valideyn himayəsindən məhrum, eyni zamanda, qanunla ziddiyyətdə olan uşaqların mövcud çətinliklərinin aşkar edilməsi və aradan qaldırılmasına dövlət qurumlarının, QHT-lərin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etmək və bu istiqamətdə müvafiq tədbirlər görməkdən ibarətdir.
Bu aylıq ərzində ölkənin şəhər və rayonlarında yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Ombudsman Aparatının, o cümlədən, Müvəkkilin Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları tərəfindən "dəyirmi masa"ların, treninq-seminarların keçirilməsi, Təhsil Nazirliyinin köməyi ilə orta və ali məktəblərdə uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirlərinin, sərgilərin təşkili planlaşdırılır.
Uşaq hüquqları aylığı çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi barədə Müvəkkil tərəfindən aidiyyəti qurumlara məktub ünvanlanıb.
Aylığın nəticələrinin təhlili əsasında müvafiq təkliflər səlahiyyətli orqanlara göndəriləcək.
Aylıq noyabrın 20-də başa çatacaq.