...

Azərbaycanın millət vəkili və ombudsmanı Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət ediblər

Cəmiyyət Materials 16 Noyabr 2010 18:00 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova Qurban bayramı münasibətilə Biləsuvara gedərək Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət ediblər.
Azərbaycanın millət vəkili və ombudsmanı Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət ediblər

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir T.Hacıyev/

Millət vəkili Qənirə Paşayeva və ombudsman Elmira Süleymanova Qurban bayramı münasibətilə Biləsuvara gedərək Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət ediblər.

Qəhrəmanın ailəsini müqəddəs bayram münasibətilə təbrik edən millət vəkili və ombudsman bu bayramın bir qəhrəman ailəsində qeyd olunmasının fəzilətini, qüdsiyyətini vurğulayıb, bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Milli Qəhrəmanın və igid zabitimiz Fərid Əhmədovun nəşinin ölkə Prezidentinin ciddi səyləri nəticəsində düşməndən geri alınaraq II Fəxri xiyabanda geniş xalq kütlələrinin iştirakı ilə dəfn olunması faktını şükranlıqla qeyd edən İbrahimovlar ailəsi dövlət başçımıza, dövlətimizə, xalqımıza öz təşəkkürlərini bildiriblər.

Mübariz İbrahimovun şəhid olandan bəri bir gün də olsun evlərindən ziyarətçilərin əskik olmadığını deyən qəhrəman atası Ağakərim İbrahimov bunu xalqımızın, dövlətimizin öz mənəvi dəyərlərinə, milli-mədəni ənənələrinə sadiqliyi ilə əlaqələndirib, Qurban bayramının dövlət səviyyəsində geniş surətdə qeyd olunmasını, bu əziz gündə şəhid ailələrinin yad edilməsini də bunun bariz örnəyi adlandırıb.

Millət vəkili və ombudsman şəhid gizir, Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığının yeni nəsil üçün bir örnək olduğunu, onun kimi övladı olan xalqa mənsub olmaqdan qürur duyduqlarını ifadə edərək, bu əziz gündə şəhidlərimizə bir daha rəhmət diləyib, növbəti bayramları Şuşada, Xankəndində, işğaldan azad olunacaq digər torpaqlarımızda qeyd etməyi uca yaradandan təmənna edib, bu diləyin mütləq çin olacağına inamlarını bildiriblər.

Gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Xəbər lenti

Xəbər lenti