Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir М.Əliyev/
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu gənclərin elmi işi üzrə gələn il xüsusi müsabiqə elan edəcək. Bu barədə cümə günü Trend-ə Fondun direktoru Elçin Babayev deyib.
Onun sözlərinə görə, hazırda mövcud müsabiqənin meyarları müəyyən olunur.
Elmin İnkişafı Fondu ildə iki dəfə qrant müsabiqələrin elan olunması üzrə qərar qəbul edib.
"Bu günlərdə Fond elmi layihələr üzrə birinci müsabiqənin yekunlarını elan edəcək", - Babayev deyib.
Onun sözlərinə görə, birinci müsabiqə zamanı Fonda gözlənildiyindən dörd dəfə çox təklif daxil olub.
2010-cu il iyunun 30-da elan olunan birinci müsabiqədə 199 layihə təqdim olunub. Onlardan 75-i fizika-riyaziyyat və texniki elmlər, 11-i yer haqqında elmlər, 49-u biologiya, tibb və aqrar elmlər, 15-i kimyəvi elmlər, 49-u isə humanitar və ictimai elmlər üzrədir.