...

Azərbaycanın gənc rəssamları beynəlxalq sərgidə qızıl medallara layiq görülüblər

Cəmiyyət Materials 4 Dekabr 2010 14:44 (UTC +04:00)
13 yaşlı Altay Abbasov "Qədim daşlar" və 12 yaşlı Tubriyət Rasimov "Mənim vətənim" rəsmlərinə görə "Daşkənd sevincləri" III Beynəlxalq uşaq rəsmləri sərgisində qızıl medallara və xüsusi fərmanlara layiq görülüblər.
Azərbaycanın gənc rəssamları beynəlxalq sərgidə qızıl medallara layiq görülüblər

Özbəkistan, Daşkənd, 4 dekabr/Trend, müxbir D.Əzizov/

13 yaşlı Altay Abbasov "Qədim daşlar" və 12 yaşlı Tubriyət Rasimov "Mənim vətənim" rəsmlərinə görə "Daşkənd sevincləri" III Beynəlxalq uşaq rəsmləri sərgisində qızıl medallara və xüsusi fərmanlara layiq görülüblər.

"Harmonik inkişaf edən nəslin ili" Dövlət Proqramı çərçivəsində keçirilən sərgi İncəsənət Akademiyası, Xarici İşlər, Mədəniyyət və İdman İşləri, Ali və Orta Xüsusi Təhsil nazirlikləri, "Özbəkistanın mədəniyyət və incəsənət forumu" fondu, YUNİSEF-in Özbəkistandakı nümayəndəliyi, YUNESKO işləri üzrə milli komissiya, "Kamolot" ictimai hərəkatı tərəfindən təşkil olunub.

Sərgi gənc istedadları dəstəkləmək, xarici həmyaşıdları ilə əlaqələrin inkişafına xidmət etmək və müxtəlif mədəniyyətlər haqqında təsəvvürü genişləndirmək məqsədilə keçirilib.

Sərginin əsas mövzuları "Uşaqlıq dünyası", "Mənim vətənim", "Yaşadığım dünya", "Mənim arzum", "Tanıdığım Özbəkistan" olub.

Sərginin qaliblərini məşhur rəssamlar və sənətşünaslar, uşaq yaradıcılığı sahəsində  çalışan mütəxəssislər, bədii təhsil üzrə pedaqoqların daxil olduğu hakimlər müəyyən edib.

Qaliblərin mükafatlandırılması üçün Qran-pri, yeddi qızıl, yeddi gümüş və yeddi bürünc medal, eləcə də sərginin xatirə nişanları nəzərdə tutulub.

Sərgidə ümumilikdə, dünyanın 41 ölkəsindən 5 yaşdan 15 yaşadək olan gənc rəssamların 3,5 mindən çox rəsmləri nümayiş olunub. Azərbaycan müsabiqəyə 100-dən çox iş təqdim edib.

Sərginin Qran-prisi yaponiyalı Arai Xiromiyə "Özbəkistana uçuş" işinə görə təqdim edilib.

Sərginin yekunları üzrə qaliblərin işlərindən ibarət albom dərc ediləcək, eləcə də səyyar sərgilər təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti