...

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ümummilli liderin anım mərasimi keçirilib

Cəmiyyət Materials 11 Dekabr 2010 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ümummilli liderin vəfatının yeddinci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Bu barədə şənbə günü nazirliyin İctimai Əlaqələr Mərkəzinin məlumatında deyilir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən "Şöhrət" muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoyulub. Sonra mərasim təhsil ocağının akt zalında davam etdirilib.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə çıxışında bildirib ki, bu günlərdə ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə vətənimizin hər bir güşəsində qeyd edilir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otüz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla və alnıaçıq yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirirlər.

Akademiyanın rəisi bildirib ki, istər fenomenal şəxsi keyfiyyətlərinə, istərsə də möhtəşəm ictimai-siyasi fəaliyyətinə görə dahi şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə də, ulu öndər daim Vətənə, xalqa, doğma torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq amalları ilə yaşayıb, milli maraqların təminatçısı və müdafiəçisi olub, bütün qüvvə və tükənməz enerjisini, təcrübə və bacarığını Azərbaycana həsr edib.

General-leytenant Ziya Yusifzadə ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyətlərə məxsus olan nadir xüsusiyyətləri barədə toplantı iştirakçılarına ətraflı danışıb. Bildirib ki, ulu öndər daim haqq işi uğrunda fədakarlıq, əyilməz iradə və dərin təfəkkür, özünə inam və siyasi uzaqgörənlik, cəsarət və qətiyyət, çətinliklərə sinə gərmək və fenomenal yaddaş, ensiklopedik bilik və cəzbedici natiqlik, öz ideya və fikirlərini sadə dildə xalqa çatdırmaq məharəti və digər bu kimi üstünlükləri ilə seçilib. Təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi Heydər Əliyevin xalqa, millətə, Vətənə sədaqətlilik simvoluna çevrildiyini qeyd edən natiq, dahi şəxsiyyətin bu orqanlardakı peşəkarlıq nümunələri, əməkdaşlara, soydaşlarına səmimi münasibətləri barədə də qeyd edib. Bu gün ulu öndər Heydər Əliyev məktəbinin layiqli yetirməsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursunun xalqımızın rifahının yüksəldilməsinə, dövlətimizin qüdrətlənməsinə xidmət ediyini bildirən Ziya Yusifzadə, əldə olunmuş nailiyyətlərin məhz ümummilli liderin irsinə sədaqətdən qaynaqlandığını diqqətə çatdırıb.

Çıxışının sonunda Akademiya rəisi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının professor-müəllim heyəti, dinləyiciləri, kursantları və bütövlükdə şəxsi heyəti adından ulu öndər Heydər Əliyevin Vətənə, xalqa, dövlətə sədaqət ənənələrinə daim sadiq qalacaqlarını, onun bəxş etdiyi müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin keşiyində şərəf və ləyaqətlə dayanacaqlarını bildirib.

Mərasimdə çıxış edən dinləyicilər və kursantlar ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, onun misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından danışıb, ulu öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildiriblər.

Tədbirin sonunda yığıncaq iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə tamaşa ediblər.

Xəbər lenti

Xəbər lenti