...

Azərbaycan Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

Cəmiyyət Materials 17 Dekabr 2010 17:57 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İH üzvləri iclasın gündəliyinə 5 məsələnin salınmasını qərara alıblar
Azərbaycan Mətbuat Şurası qəzetlərə xəbərdarlıq edib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Hacıyev/

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İH üzvləri iclasın gündəliyinə 5 məsələnin salınmasını qərara alıblar.

Əvvəlcə Azərbaycan Mətbuat Şurasının 2010-cu ildə gördüyü işlərə dair hesabatının hazırlanması ətrafında fikir mübadilələri aparılıb. MŞ sədri Əflatun Amaşov başa çatmaqda olan ilin Şuranın və bütövlükdə ölkə mediasının həyatında əlamətdar hadisələrlə yadda qaldığını vurğulayıb. Bu sırada milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı düzənlənən kompleks tədbirlərin, mətbuatın iqtisadi cəhətdən inkişafına, jurnalist əməyinin qiymətləndirilməsinə, kütləvi informasiya vasitələri təmsilçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn dövlət qayğısı nümunələrindən söhbət açıb. O, bütün bunların Mətbuat Şurasının il ərzində səmərəli fəaliyyətinə, media və ictimaiyyət arasında münasibətlərin tənzimlənməsinə təsirsiz ötüşmədiyini deyib.

İdarə Heyətinin üzvlərinin çıxışlarında hesabatda görülən işlərin istiqamətlər üzrə qruplaşdırılaraq təsnifatının verilməsi, ilin sonunadək müzakirəsinin təşkili, yekunda isə kitab şəklində nəşr edilərək KİV-lərə və ictimaiyyətə çatdırılması təklifləri yer alıb. Təkliflər yekdilliklə qəbul olunub.

Sonra Şuranın komissiyalarının təqdim etdikləri rəylərə baxılıb. İdarə Heyəti "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının təkliflərinin əsas götürərək "Alma" və "Qanun və şah" qəzetlərinə Mətbuat Şurasının xəbərdarlığının olunmasını məqbul hesab edib. Şuranın Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında "Bölgəxəbər" internet saytına ilkin, "Polit alyans" qəzetinə isə sonuncu xəbərdarlıq edilməsi barədə Şuranın qərarları çıxarılıb. Qəbul edilən digər qərarlarda "Azadlıq", "Milli qəhrəmanlar zirvəsi" və "Müasir zaman" qəzetlərində etik prinsiplərin bir sıra tələblərinə sayğısızlıq göstərildiyi ifadəsini tapıb.

İclasda adları Mətbuat Şurasının "qara siyahı"sında yer alan qəzetlərin MŞ-yə ünvanladıqları müraciətlərə münasibət bildirilib. Qərara alınıb ki, müraciətlərin araşdırılması İH üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq etdiyi apellyasiya qrupuna həvalə edilsin. Həmin mətbu nəşrlərin adlarının siyahıdan çıxarılmasına nə dərəcədə əsaslar olduğu müəyyənləşdirilsin və bununla əlaqədar təkliflər İdarə Heyətinə verilsin.

İclasda "Kür" İnformasiya Agentliyi Mətbuat Şurasının sıralarına qəbul edilib.

Xəbər lenti

Xəbər lenti