İtaliyanın "Il Foglio" qəzeti böhtan xarakterli məlumat yaydığına görə, Azərbaycanın birinci xanımına ünvanladığı təkzib məktubunu dərc edib.
Məktubda deyilir ki, "Foglio"nun 3 dekabr tarixli məqaləsi Bakıda çox mənfi reaksiyaya səbəb olub, bu isə "qəzetmizdə təəssüf hissi doğurmaya bilməz".
"Il Foglio" qəzeti yalan məlumat yaydığına görə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı Mehriban Əliyevadan, Prezident İlham Əliyevdən və bütün Azərbaycan xalqından üzr istəyir. Azərbaycan xalqı bizə ünvanladığı məktublarda birinci xanıma olan sevgi və bağlılığı ilə bizi heyran etdi", - təkzib məktubunda deyilir.
Qəzetin redaksiyası etiraf edib ki, müəyyən diplomatik mənbələr və məqalə mötəbər olmayıb.
"Il Foglio" qəzeti əminliyini ifadə edib ki, bu jurnalist xətası Azərbaycan və İtaliya xalqları arasında qarşılıqlı anlaşma, hörmət və xoş münasibətlərə qətiyyən xələl gətirməyəcək.
Bundan əvvəl Azərbaycanın birinci xanımının Protokol xidməti dekabrın 3-də "Il Foglio" qəzetində dərc edilmiş və Azərbaycanının birinci xanımının şərəf və ləyaqətini ləkələyən böhtan və iftiralardan son dərəcə hiddətləndiyini bildirib. Hamı tərəfindən etik normaları və bütün beynəlxalq və Avropa sənədlərində təsbit edilmiş insanın böhtandan müdafiə olunması və şəxsi həyatının toxunulmazlığı hüquqlarını rəhbər tutaraq, Azərbaycanın birinci xanımından dərhal üzr istəməyi və yuxarıda göstərilən məqalə barədə təkzib dərc etməyi "Il Foglio" qəzetindən rəsmi surətdə tələb edir. "Ölkəmiz, həmçinin Azərbaycanın birinci xanımının şərəf və ləyaqətinin müdafiə olunması barədə iddia ilə İtaliya və beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək hüququnu özündə saxlayır", - Azərbaycanın birinci xanımının Protokol xidmətinin məlumatında deyilir.