...

Azərbaycan qanunvericiliyində genetik modifikasiya olunmuş məhsullara nəzarətlə bağlı dəyişikliklər zəruridir

Cəmiyyət Materials 24 Dekabr 2010 14:55 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə bu gün AMEA-nın İnsan Hüquqları İnstitutu, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası və YUNESKO-nun Bioetika Kafedraları üzrə beynəlxalq şəbəkəsinin baş ofisi ilə birgə keçirilmiş "YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşdırılması" mövzusunda elmi simpoziumda bildirilib.
Azərbaycan qanunvericiliyində genetik modifikasiya olunmuş məhsullara nəzarətlə bağlı dəyişikliklər zəruridir

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan qanunvericiliyində genetik modifikasiya olunmuş (GMO) məhsulların ölkəyə gətirilməsinə nəzarətlə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi zəruridir.

Trend-in məlumatına görə, bu barədə bu gün AMEA-nın İnsan Hüquqları İnstitutu, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası və YUNESKO-nun Bioetika Kafedraları üzrə beynəlxalq şəbəkəsinin baş ofisi ilə birgə keçirilmiş "YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşdırılması" mövzusunda elmi simpoziumda bildirilib.

YUNESKO-nun Bioetika Kafedraları üzrə beynəlxalq şəbəkəsinin Azərbaycan bürosunun rəhbəri Vüqar Məmmədov bildirib ki, keçmiş sovet respublikalarının bir neçəsində GMO məhsulların ölkəyə gətirilməsinə nəzarətlə bağlı qanunvericilik yenidən işlənib. Azərbaycanda isə bununla bağlı qanunvericilikdə heç bir dəyişiklik olunmayıb.

AMEA-nın prezidenti Mahmud Kərimov çıxışında bildirib ki, ən yeni texnologiyaların və yeni elmi istiqamətlərin sürətli inkişafı elm aləmi və bəşəriyyət qarşısında yeni etik-hüquqi tələblər qoyub. Onun sözlərinə görə, təhsil və maarifçilik vasitəsilə insanın həyat fəaliyyətində etik-hüquqi normalara əməl edə bilən və onları qoruyan müxtəlif sahələr üzrə yeni mütəxəssis nəsli yetişdirmək mümkündür.

YUNESKO-nun Bioetika Kafedraları üzrə beynəlxalq şəbəkəsinin baş ofisinin rəhbəri Amnon Karmi çıxışında cəmiyyətdə hüquqi və etik normaları təmin etməyə yönəldilmiş demokratik prinsiplərin inkişafı üçün Azərbaycanda bu elmi istiqamətlərin tədrisinin və inkişafının mühümlüyünü qeyd edib.

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva Azərbaycanda bioetika və tibbi hüququn inkişafının vacibliyinin cəmiyyətdə demokratik prinsiplərin inkişaf səviyyəsinin göstəricisi olduğunu deyib.

O qeyd edib ki, pasiyentlərin, fiziki imkanları məhdud olan şəxslərin hüquqları, məlumatlandırılmış razılıq hüququ, rüşeym hüququ, süni mayalandırma, həkimin öz səhvinə görə məsuliyyəti və bir çox məsələlər bu elmi istiqamətlərin tədqiq etdiyi problemlərdəndir.

Mustafayeva bildirib ki, İnsan Hüquqları İnstitutunda bioetika və tibbi hüquq bölmələri fəaliyyət göstərir. O, qeyd edib ki, YUNESKO-nun Bioetika Kafedraları üzrə beynəlxalq şəbəkəsinin Azərbaycan bürosu rəhbərlik etdiyi institutda qeydiyyatdan keçib.

Bu gün İnsan Hüquqları İnstitutu ilə həmin təşkilat arasında əməkdaşlığa dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti