...

Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxsin rəhbərlik etdiyi cinayətkar dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 27 Dekabr 2010 13:37 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən Trend-ə verilən məlumata görə, Şöhrət Quliyev, Mehman Qəhrəmanov və Anar Həsənov ömürlük, İlham Şabanov 15 il, Səxavət Xudiyev 13 il 6 ay, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov 2 il müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxsin rəhbərlik etdiyi cinayətkar dəstə üzvlərinə hökm oxunub

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/ Azərbaycanda iş adamlarının qətlini sifariş edən şəxsin rəhbərlik etdiyi cinayətkar dəstə üzvlərinə hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən Trend-ə verilən məlumata görə, Şöhrət Quliyev, Mehman QəhrəmanovAnar Həsənov ömürlük, İlham Şabanov 15 il, Səxavət Xudiyev 13 il 6 ay, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov 2 il müddətinə azadlıqdan məhrum olunub.

Bilal Verdiyev, Elim Şahmuradov, Nuru Atayev və İlahibə Ələsgərovun cəza müddətləri keçdiyi üçün barələrindəki cinayət işinə isə xitam verilib.

Dəstə üzvləri 2003-2004-cü illərdə Bakı və Gəncə şəhərlərində Əhməd İbrahimovu və Kamal Ələkbərovu qətlə yetirməkdə ittiham olunublar.

2003-cü ilin dekabında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq, onu odlu silah və döyüş sursatı ilə təchiz ediblər.

Quliyev cinayətkar dəstənin üzvlərinə Bakı şəhərində sahibkarlıqla məşğul olan Əhməd İbrahimovun öldürülməsini tapşırıb və bunun müqabilində onlara 25 min ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd edib. Sonuncunun Bakı şəhərində yaşadığı ünvanı, işdən evə qayıtma vaxtını və marşrutunu müəyyənləşdirən cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində "Makarov" markalı tapançadan atəş açaraq onu öldürüb. Cinayət aləti olan "Makarov" tapançası həmin il dekabrın 27-də Bakı şəhəri, B.Nuriyev küçəsi, 32 saylı binanın yaxınlığındakı bağ sahəsindən tapılaraq götürülüb və ekspert rəyi ilə hadisə yerində aşkarlanmış güllə və gilizlərin qeyd olunan tapançadan atılması təsdiqlənib.

Quliyev mütəmadi olaraq ondan pul tələb edən Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini də sifariş verərək, bununla əlaqədar cinayətin icraçılarına 25 min ABŞ dolları pul mükafatı vəd edib. 2004-cü il martın 22-də "Makarov" tapançası ilə silahlanmış cinayətkar dəstənin üzvü İlham Şabanov Kamal Ələkbərovu yaşadığı evin qarşısında qətlə yetirib.

Dəstənin üzvləri Gəncə şəhərində fəaliyyət göstərən Xəzər Kazımova məxsus "Quş südü" adlandırılan kafedə mütəmadi yığışaraq törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə edib, eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçiriblər. 2009-cu ilin iyununda kafedə aparılmış axtarış zamanı Xəzər Kazımov tərəfindən qanunsuz əldə edilib kafenin zirzəmisində gizlədilmiş "Kalaşnikov" avtomatı, 30 ədəd patron, habelə Rabit Abdinovun üzərindən Mehman Qəhrəmanovdan 250 manata aldığı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Şöhrət Quliyev, Mehman Qəhrəmanov, İlham Şabanov, Anar Həsənov, Səxavət Xudiyev, Xəzər Kazımov, Məharət İsmayılov, Rabit Abdinov, Elim Şahmuradov, Bilal Verdiyev, Nuru Atayev və İlahibə Ələsgərov Cinayət Məcəlləsinin 120 (qəsdən adamöldürmə), 217 (banditizm) və 228 (qanunsuz olaraq odlu silah, sursat əldəetmə və saxlama) və digər maddələri ilə təqsirləndiriliblər.

Xəbər lenti

Xəbər lenti