...

Azərbaycanda gələn il dövlət qulluqçularının peşə fəaliyyətinin qiymətləndirilməsi aparılacaq

Cəmiyyət Materials 28 Dekabr 2010 12:12 (UTC +04:00)
Azərbaycanda gələn il dövlət qulluqçularının peşə fəaliyyətinin qiymətləndirilməsi aparılacaq.
Azərbaycanda gələn il dövlət qulluqçularının peşə fəaliyyətinin qiymətləndirilməsi aparılacaq

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda gələn il dövlət qulluqçularının peşə fəaliyyətinin qiymətləndirilməsi aparılacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli bildirib.

"Qiymətləndirmə dörd meyar əsasında həyata keçiriləcək. İşçinin təqvim ili ərzində nümayiş etdirdiyi peşəkarlıq beş, dörd, üç, iki - yəni əla, yaxşı, kafi və qeyri kafi qiymətlərlə dəyərləndiriləcək. Qiymətləndirmə işçinin birbaşa rəhbəri tərəfindən, komissiyanın müəyyən etdiyi metodoloji standartlar əsasında aparılacaq. İlin sonunda il ərzində aparılan müşahidə nəticələri ümumiləşdiriləcək və hüquqi qiyməti olan nəticə müəyyənləşdiriləcək", - Məcidbəyli əlavə edib.

Onun sözlərinə görə, qiymətləndirmənin nəticələri işçi ilə əmək müqaviləsinin ləğv olunmasına səbəb olmayacaq.

"Bu qiymətləndirmə işçi ilə əmək müqaviləsinin ləğvini nəzərdə tutmayıb. Xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı verilmiş yekun qiymət işçinin şəxsi işinə əlavə ediləcək və attestasiya prosesində nəzərə alınacaq", - o, deyib.

Məcidbəyli bildirib ki, xidməti fəaliyyəti yüksək qiymətləndirilmiş işçilərə əlavə mükafatların verilməsi də nəzərdə tutulub.

"İşçilərin həvəsləndirməsi məqsədi ilə bir sıra dövlət proqramında işçinin motivasiya olunması ilə bağlı qanunvericilikdə xüsusi dəyişikliklər edilməsini təklif kimi nəzərdə tutmuşuq. Burada vəzifə maaşından savayı mükafatlar sistemində əlavə mükafatlandırmalardan söhbət gedir. Həm məşğulluq strategiyasında, həm də yoxsulluğun azaldılması üzrə Dövlət Proqramında bunun qanunvericilik əsaslarını hazırlayıb müvafiq qaydada təqdim edəcəyik", - Məcidbəyli qeyd edib.

Xəbər lenti

Xəbər lenti