Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Ali Məhkəmə baş redaktoru həbsdən azad etmədi.
Trend-in məlumatına görə, bu gün Ali Məhkəmədə "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb.
Fətullayev barəsində 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə cinayət işi açılıb. Bu ittihamla Fətullayev Qaradağ rayon məhkəməsinin hökmü ilə bu il iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Fətullayev bu hökmlə bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət etmişdi.
Bakı Apelyasiya Məhkəməsi Fətullayev barəsində həbs-qətimkan tədbiri seçmişdi. Baş redaktor məhkəmənin bu qərarı ilə razılaşmayaraq, Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.
Fətullayev 2007-ci ildə terrorla hədələmək, milli ədavəti qızışdırmaq və vergidən yayınmaqda ittiham olunaraq, 8 il yarım azadlıqdan məhrum edilib.
Avropa İnsan Haqları Məhkəməsi bu il aprelin 22-də Fətullayevin həbsdən dərhal azad edilməsi ilə bağlı qərar qəbul edib.