Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Azərbaycan Nazirlər Kabineti yanvarın 1-dən etibarən ölkə ərazisində avtonəqliyyat vasitələrinin rəqəmsal taxoqraflarla təmin edilməsi barədə qərar verib.
2010-cu il 16 iyun tarixindən sonra dövlət qeydiyyatına alınmış, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan avtobuslar, habelə tam kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri 2011-ci il 1 yanvar tarixindən etibarən rəqəmsal taxoqraflarla təchiz ediləcəklər. Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
Nazirlər Kabineti "Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti Qayadaları", "Rəqəmsal taxoqraf kartlarının sisteminə dair Qayda", "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair "Qaydalar"ı təsdiq edib.
2006-cı ilin iyununda beynəlxalq avtomobil daşımaları ilə məşğul olan sürücülərin işi haqqında sazişə (AETR) beşinci düzəliş qüvvəyə minib. Düzəlişə əsasən, 5 illik keçid dövründən sonra 2010-cu il iyunun 16-dan etibarən Avropa İttifaqına üzv olmayan, lakin AETR-ə daxil olan ölkələrdə qeydə alınan avtomobil nəqliyyatı operatorları ilk dəfə xəttə çıxan və AETR qaydalarından istifadə edən bütün nəqliyyat vasitələrində elektron taxoqraflar quraşdırmalıdırlar. Azərbaycan da AETR-ə qoşulub.
Taxoqraf beynəlxalq yükdaşımaları həyata keçirən avtomobillər üçün icbari qurğudur. Taxoqraf hərəkətin sürətini, gedilən yolu və sürücünün əmək və istirahətini qeydə alır. Taxoqrafiya məlumatlarının analizi müəssisə sahiblərinə sürücünün peşə qabiliyyətini qiymətləndirməyə imkan verir.
Rəqəmsal taxoqrafın fərqləndirici əlamətlərindən biri onunla manipulyasiya edilməməsindədir. İstənilən mexaniki müdaxilə və ya sürücünün fəaliyyəti ərzində məlumatların düzgün daxil edilməməsi qurğunun yaddaşında qeydə alınacaq və rəsmi yoxlama zamanı çox asanlıqla aşkar ediləcək.