Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/
Azərbaycanda bazar ertəsi Avropa Tələbələr Forumu Media İşçi Qrupunun təşəbbüsü ilə "Gələcəyimizi düşünərək" şüarı altında konfrans keçirilib. Bu barədə Media İşçi Qrupunun məlumatında deyilir.
Media İşçi Qrupunun başçısı Afaq Əhmədova tədbiri açaraq mövzunun tək Azərbaycan üçün deyil bütün Dünya üçün mühüm olmasını qeyd edərək onun həlli yolunda birgə iş, ümumi maraqlar, kollektiv fəaliyyət və əməkdaşlıq prinsiplərinə üstünlük verməyi zəruri hesab etdiyini söylədi. "Ətraf mühit - hər birimizin problemidir. Məhz buna görə biz hamımız bir Dünya vətəndaşı kimi məsuliyyətimizi qəbul edib həyata keçirtməliyik. Bu məsələdə bir məqsədə çatmaq üçün bütün insanların, dövlət və qeyri-hökumət qurumların, müxtəlif icmaların, bizim kimi gəncləri birləşdirən təşkilatların, ticarət və kommersiya strukturların, media və digər təşkilatların birgə fəaliyyəti vacibdir", - Əhmədova bildirib.
Media İşçi qrupunun üzvü Mövsüm Bağırlı hazırladığı təqdimatda BMT-nin Minilliyin İnkişaf Məqsədləri və Bioloji Müxtəlifliyə dair 2010-cu ildə imzalanmış deklarasiyanı təhlil etdi. Digər üzv Aydan Qarayeva bu ilin aprel ayında Meksika körfəzində "Deepwater Horizon" platformasında baş vermiş axının ekoloji, iqtisadi, siyasi nəticələrindən danışdı. Azərbaycanda ətraf mühit qorunması yolunda görülən işlər, üzləşdiyimiz problemlər, ekologiya ili çərçivəsində fəaliyyətin perspektivlərinə və bu sahədə qanunvericilik sənədlərindən Arzu Yariyeva təqdimatında danışdı. Tədbirin sonunda Forumun Prezidenti Tamerlan Məmmədov gələn il 5 iyun tarixini "Save the Earth" (Yeri xilas edək") şüarı altında Azərbaycanın digər regionlarında fəaliyyət göstərən AEGEE-lərlə birgə geniş kampaniyanın keçirilməsi təklifini irəli sürdü.
Artıq 30 ildən çoxdur ki, 5 İyun tarixi bütün dünyada Ətraf mühitin qorunması günü kimi geyd olunur. Bu tarix, 1972-ci ildə BMT-nin İnsan Ətraf Mühitinə həsr olunmuş konfransında Baş Assambleya tərəfindən qəbul olunaraq bu məsələyə ictimaiyyətin diqqətini cəlb edərək ətraf mühit problemini gündəliyin birincilər sırasına daxil etdi. Bu da öz növbəsində ətraf mühit probleminə təkcə ekologiya prizmasından deyil, bir sistem olaraq siyasi, sosial, iqtisadi və digər aspektdən təhlilinə imkan verdi.