...

Küveytdə 20 Yanvar faciəsi haqqında jurnal dərc edilib

Cəmiyyət Materials 13 Yanvar 2011 17:09 (UTC +04:00)
20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycanda qanlı yanvar faciəsi" adlı jurnal dərc edilib, həmin hadisələrə həsr olunan sənədli filmin ərəb dilində DVD-si hazırlanıb.
Küveytdə 20 Yanvar faciəsi haqqında jurnal dərc edilib

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə "Azərbaycanda qanlı 20 Yanvar faciəsi" adlı jurnal dərc edilib, həmin hadisələrə həsr olunan sənədli filmin ərəb dilində DVD-si hazırlanıb. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Küveytdəki səfirliyindən məlumat veriblər.

Jurnalda 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycana daxil olaraq, mülki əhaliyə qarşı zirehli texnika və silah tətbiq etməklə, törətdiyi cinayətlər barəsində ətraflı məlumat əksini tapmış fotoşəkillər vasitəsilə oxuculara əyani şəkildə təqdim olunub.

Nəşrdə 20 Yanvar faciəsindən sonra müasir Azərbaycanın memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gələrək, xalqın hiddət və etirazını bütün dünyaya bəyan etməsi xüsusi vurğulanıb və qeyd olunub ki, məhz ulu öndərin siyasi iradəsi nəticəsində 20 Yanvar faciəsinə siyasi qiymət verilib və bu faciəni törədənlərin adları dünya ictimaiyyətinə açıqlanıb.

"Azərbaycanda qanlı 20 Yanvar faciəsi" adlı jurnal və DVD formatında sənədli film Küveyt Dövlətinin rəsmi qurumlarına, İslam Mərkəzinə, ölkənin nüfuzlu ali təhsil ocaqlarına, elmi mərkəzlərinə və kitabxanalarına, həmçinin, mətbu orqanlarına və televiziya kanallarına göndərilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 147 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.

Xəbər lenti

Xəbər lenti