...

Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

Cəmiyyət Materials 17 Yanvar 2011 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Bazar ertəsi Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirədə iştirak edib. Bu barədə DİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Müşavirəni giriş sözü ilə açan general-polkovnik Ramil Usubov bildirmişdir ki, respublikamızın inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, vətəndaşların təhlükəsizliyinin təminində Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının, o cümlədən Bakı şəhər BPİ-nin də xüsusi xidmətləri olduğunu qeyd edib.

Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib. Qeyd edilib ki, 2010-cu ildə Bakı şəhərində baş vermiş cinayətlərin sayı 1,6 faiz azalaraq ümumən 10.612 cinayət təşkil edib ki, onların da 86,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13,3 faizi ağır və xüsusilə ağır cinayətlərdir.

Qabaqlayıcı-profilaktiki tədbirlərin daha səmərəli təşkili nəticəsində 2009-cu illə müqayisədə törədilmiş ağır və xüsusilə ağır cinayətlərin sayı 7,8 faiz, o cümlədən quldurluqlar 7,7 faiz, soyğunçuluqlar 19,8 faiz, zorlamalar 6,5 dəfə, adam oğurluqları 7 dəfə, habelə şəxsi əmlak oğurluqları 1,3 faiz, dələduzluqlar 6,3 faiz azalıb. 2010-cu ildə icraatda olmuş cinayət işləri üzrə cinayətlərin 79 faizinin, o cümlədən onların ağır növlərinin 75,9 faizinin açılması təmin olunub, qəsdən adam öldürmələrin 97 faizi, ölümə qəsdlərin 94,7 faizi, zorlamaların və hədə-qorxu ilə tələb etmələrin hamısı, ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin 94,8 faizi açılıb. Əvvəlki illə müqayisədə qəsdən adamöldürmə cinayətlərinin açılması 12,3 faiz, qəsdən sağlamlığa xəsarət yetirmələrin açılması 5,5 faiz, dövlət və bələdiyyə əmlakı oğurluğu cinayətlərinin açılması 13,6 faiz yaxşılaşıb. Cinayətə meyilli şəxslər ətrafında əməliyyat tədbirləri genişləndirilib, 96 quldurluq və soyğunçuluq törətmiş 91 nəfərdən ibarət 35 cinayətkar qrup, 38 mənzil oğurluğu törətmiş 52 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa edilib. Cinayət məsuliyyətindən yayınan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilib, axtarışda olanların 71,8 faizinin, o cümlədən ötən illərdən axtarılan 94 nəfərin tutulması təmin edilib, axtarış tədbirlərinin səmərəli təşkili nəticəsində keçən illə müqayisədə cari ilin əvvəlinə olan qalıq 23 nəfər azalıb.

Ümumbəşəri bəlaya çevrilmiş narkomaniyaya qarşı mübarizə çərçivəsində hesabat dövründə qanunsuz dövriyyədən 138 kiloqramdan artıq narkotik vasitə çıxarılıb, belə fəaliyyətlə məşğul olan 56 cinayətkar qrup ifşa olunub, 2009-cu illə müqayisədə cinayətkarlardan daha çox tiryək və heroin götürülüb. Eyni zamanda, ictimai hüquq qaydalarının, o cümlədən yol hərəkəti qaydalarının pozulması ilə bağlı 463 minə yaxın inzibati protokol tərtib edilərək müvafiq tədbirlər görülüb. Əvvəlki illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı bütövlükdə 3,2 faiz, yaralananların sayı 8,6 faiz azalsa da, təəssüflə qeyd edilib ki, ölümlə nəticələnən hadisələrin sayı 2,6 faiz, həlak olanların sayı isə 5,9 faiz artıb.

Xəbər lenti

Xəbər lenti