...

Azərbaycanda 97 dövlət orqanındakı vakant vəzifələrin tutulması üçün test imtahanları başa çatıb

Cəmiyyət Materials 18 Yanvar 2011 15:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, vakant vəzifələrin tutlması üçün müsabiqənin test imtahanı mərhələsi ötən il dekabrın 10-dan bu il yanvarın 14-dək keçirilib.
Azərbaycanda 97 dövlət orqanındakı vakant vəzifələrin tutulması üçün test imtahanları başa çatıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda 97 dövlət orqanı üzrə 826 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün təşkil olunan müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, vakant vəzifələrin tutlması üçün müsabiqənin test imtahanı mərhələsi ötən il dekabrın 10-dan bu il yanvarın 14-dək keçirilib.

Müsabiqədə iştirak etmək üçün komissiyada 3083 namizəd qeydə alınıb.

Onlardan 1297 nəfəri (bütün namizədlərin 42,07 faizi) müsabiqənin ilk mərhələsini uğurla başa vurub.

Test mərhələsində uğur qazanan namizədlərdən 397 nəfəri 6 və ya 7-ci, 391 nəfəri 8 və ya 9-cu təsnifat üzrə keçid balını toplayıblar. 509 nəfər 6 və ya 7-ci təsnifat üzrə inzibati vəzifələrə iddia etsələr də, bu vəzifələr üzrə keçid balını toplamayıblar. Lakin 8 və ya 9-cu təsnifata daxil olan inzibati vəzifələr üzrə keçid balını toplayıblar.

Test imtahanının nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları İqtisadi İnkişaf Nazirliyi (28 yerə qarşı qeydə alınmış 412 namizəddən 196-sı test imtahanından uğurla keçib), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (50 yerə qarşı qeydə alınmış 481 namizəddən 191-i), Dövlət Sosial Müdafiə Fondu (210 yerə qarşı qeydə alınmış 408 namizəddən 134-ü), Bakı Apelyasiya Məhkəməsi (10 yerə qarşı qeydə alınmış 143 namizəddən 96-sı), Təhsil Nazirliyidir (67 yerə qarşı qeydə alınmış 147 namizəddən 80-i).

Yeni qaydalara əsasən, inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin 8-9-cu təsnifatlarına uyğun olan vəzifələr üzrə müəyyən edilmiş keçid balını toplayan namizədin vəzifənin tutulma şərtləri nəzərə alınmaqla, bu təsnifatlara uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilərlər. Test imtahanının qrafiki də yeniliyin bu tələbi nəzərə alınmaqla tərtib edilib.

Test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-7-ci, sonra isə 8-9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti