...

Azərbaycanın DİN rəhbəri baş örtüyü məsələsinə münasibət bildirib

Cəmiyyət Materials 28 Yanvar 2011 13:19 (UTC +04:00)
Azərbaycanda qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur. Trend-in məlumatına görə, bunu cümə günü "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov bildirib.
Azərbaycanın DİN rəhbəri baş örtüyü məsələsinə münasibət bildirib

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur. Trend-in məlumatına görə, bunu cümə günü "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov bildirib.

"Azərbaycanda etiqad azadlığının hökm sürdüyü mütərəqqi mühiti gözü götürməyənlər indi yeni iddia ortaya atıblar - orta məktəblərin qız şagirdləri dərsə baş örtüyü ilə gəlməlidir. Belə yanaşma dünyəvi, sivil cəmiyyətə xas dəyərlər baxımından yolverilməzdir. Orta məktəb şagirdləri üçün vahid geyim forması müəyyən edilib. Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər. Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi? Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə, cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək", - Usubov vurğulayıb.

Nazir müasir Azərbaycanda qadının rolu, cəmiyyətdəki mövqeyinin daha yüksək olduğunu və onun azadlığına, tamhüquqlu vətəndaş olma haqqına real təminat verildiyini vurğulayıb.

"Bu gün Azərbaycan qadını öz yüksək mənəvi keyfiyyətləri, ailəsinə bağlılığı, şərəfi, qüruru, namusu ilə milli iftixarımızdır. Onun ölkəmizin ictimai-siyasi həyatında, elmdə, təhsildə, mədəniyyətdə və digər sahələrdə rolu danılmazdır", - Usubov deyib.

Nazirin sözlərinə görə, heç bir qüvvə Azərbaycanda sabitliyə xələl gətirə bilməz.

"Antiazərbaycan şəbəkə bilməlidir ki, onun dövlətimizə və xalqımıza qarşı yönəlmiş hər bir bədnam planı həmişə olduğu kimi, bundan sonra da uğursuzluğa düçar olacaq. Çox təhlükəli və zərərli meyl olan dini ekstremizmə, radikalizmə qarşı mübarizədə bütün əməkdaşlarımız diqqətli və sayıqdırlar. Aidiyyəti dövlət orqanları bu cür təzahürlərin yayılmasına, ölkədə sabitliyi pozmaq cəhdlərinə imkan verməyəcəklər", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan yüksək islami dəyərləri təməl mənəvi prinsiplər kimi qəbul edən ölkədir, eyni zamanda, dini tolerantlığın bütün dünya miqyasında ən mükəmməl örnəklərindən biridir.

Həmçinin bu gün mədəniyyətlərin, dinlərin, o cümlədən konfessiyaların dinc yanaşı yaşadığı, qarşılıqlı anlaşmasının yüksək səviyyədə olduğu bir dövlətdir. Ölkəmizdə hər hansı dinin təmsilçisinə onun inancının buyurduğu dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur, Usubov bildirib.

"Biz daha çox insanların, xüsusən də yeniyetmələrin və gənclərin daxili dünyasının, mənəviyyatının zənginləşməsinə, milli dəyərlərə uyğunlaşmasına önəm verməliyik. Fikrimcə, bu mövzulara, həmçinin din xadimləri xüsusi diqqət ayırmalıdırlar. Onlar həm də vətəndaşlarımızın mövhumatdan, cəhalətdən, ekstremizm və radikalizmdən uzaqlaşmasına çalışmalı, dinimizin əsl mahiyyətinin təbliğinə səy göstərməlidirlər", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti