Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bazar ertəsi Fransa və Avstriyanın səfirləri ilə Azərbaycanla bu ölkələr arasında dini-mənəvi əlaqələrin inkişafını müzakirə edib. Trend-in məlumatına görə, bu barədə QMİ-nin mətbuat xidmətindən bildiriblər.
Görüşlər zamanı Şeyxülislam Allahşükür Paşazadə səfirlərə Fransaya və Avstriyaya səfərləri, konfranslarda iştirakı zamanı yerli müsəlmanlarla, din xadimləri ilə görüşləri barədə məlumat verib, bu görüşlərin dini-mənəvi əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb.
Şeyxülislam Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerlə görüşdə Fransanın xristian və müsəlman din xadimlərinin Azərbaycana səfərlərinin əhəmiyyətli olacağını qeyd edib.
Avstriyanın səfiri Silviya Mayer-Kaybiçlə görüşdə Paşazadə mənəvi sferada qarşılıqlı əhəmiyyət kəsb edən məsələləri müzakirə edib.