...

Dövlət Sosial Müdafiə Fondunda "İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı" mövzusunda "dəyirmi masa" keçirilib

Cəmiyyət Materials 21 Fevral 2011 13:46 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda bazar ertəsi "İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı" mövzusunda "dəyirmi masa" keçirilib.
Dövlət Sosial Müdafiə Fondunda "İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı" mövzusunda "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda bazar ertəsi "İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı" mövzusunda "dəyirmi masa" keçirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, DSMF-də "Azərbaycan" qəzeti və Fondun birgə təşkilatçılığı ilə keçirilən "dəyirmi masa" "İnkişafın Azərbaycan modeli" kitabının müzakirəsinə həsr olunub.

İdeya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.

Tədbiri giriş sözü ilə açan Sadıqov vurğulayıb ki, hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biri kimi çıxış edir. Çünki sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə möhtəşəm nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Bu mənada sürətli tərəqqiyə can atan istənilən dövlətin qarşısında duran əsas məsələlərdən biri də maddi rifahın davamlı yüksəlişinə xidmət edən uğurlu sosial siyasətin həyata keçirilməsidir. Yeni müstəqillik tariximizin son 17 ilinin təhlili göstərir ki, əhalinin sosial müdafiəsinin daim gücləndirilməsi istər ümumilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində başlıca məqsədlərdən biri kimi yer alıb.

"Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ideya müəllifliyi və təşəbbüsü əsasında işıq üzü görmüş "İnkişafın Azərbaycan modeli" əsərində ölkədə həyata keçirilən sosial yönümlü siyasətin mahiyyəti dolğun və hərtərəfli şəkildə açılır. Əsərdə bir çox fıundamental məsələlərlə yanaşı, ölkədə elmi əsaslarla gerçəkləşdirilən pensiya islahatlarına da geniş yer verilib, bu sahədə əldə olunan uğurlardan söz açılıb. Bugünkü "dəyirmi masa"nın Dövlət Sosial Müdafiə Fondunda keçirilməsi də qətiyyən təsadüfi deyildir. Son illər Azərbaycanın pensiya sistemində aparılan islahatlar beynəlxalq səviyyədə maraqla qarşılanır və şəffaflığın təminatına yönəldilmiş mühüm addımlardan biri kimi dəyərləndirilir", - Sadıqov deyib.

DSMF sədri, iqtisad elmləri doktoru Səlim Müslümov "Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin uğurlu islahatı" mövzusunda çıxış edib.

Müslümov bildirib ki, müasir mərhələdə hər bir ölkənin inkişaf modelinin uğuru qloballaşmanın diqtə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların əlaqələndirilməsindən birbaşa asılıdır.

"Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşıb, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlib. Ölkəmizin yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vurmasını şərtləndirən bu modelin uğurlu nəticələri ümummilli liderimiz Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların alternativsuz olduğunu bir daha təsdiqləyir. Tariximizin çətin və şərəfli mərhələsi olan "keçid dövrü"nün sosial- iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və düzgün qurulmuş çoxşaxəli fəaliyyətin ətraflı təhlili ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə ərsəyə gələn "İnkişafın Azərbaycan modeli" kitabının ön sözündə qeyd edildiyi kimi "bu həm də ən yeni Azərbaycan tarixinin olduğu kimi qələmə alınması, hazırkı inkişafı təmin edən islahatlar prosesinin mahiyyətinin açıqlanması baxımından zəruridir", - Fondun sədri qeyd edib.

Müslümov vurğulayıb ki, hakimiyyətə gəldiyi ilk günlərdən ümummilli liderimiz Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunub. Öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edib.

"Bu gün Azərbaycanın sığorta-pensiya sahəsində həyata keçirdiyi islahatlar və qurulan model nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur. Əldə olunan bu uğurların başlıca səbəbi isə, yuxarıda qeyd olunduğu kimi, ümumilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin ortaya qoyulmasıdır. Həmin model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Bir çox hallarda əldə olunan nəticələr digər ölkələrlə müqayisədə məhz Azərbaycan modelinin dayanıqlığını ortaya qoyur", - DSMF rəhbəri əlavə edib.

Daha sonra "dəyirmi masa"da "Beynəlxalq standartlara əsaslanan islahatların aparılması sığorta-pensiya siyasətinin strateji istiqamətlərindəndir", "Yeni iqtisadi münasibətlər sistemində sosial sığortanın təşkili", "Azərbaycan Respublikasının sığorta-pensiya sistemi üzrə milli qanunvericiliyi beynəlxalq hüququn ümumi prinsip və normalarına uyğun formalaşmışdır", "Azərbaycanın yeni sığorta-pensiya sistemi bazar iqtisadiyyatı şəraitində pensiyaçıların sosial müdafiəsini təmin edir" mövzularında məruzələr dinlənilib. Qoyulan mövzu ətraflı təhlil edilərək, bu istiqamətdə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti