Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir T.Hacıyev/
Beynəlxalq Mətbuat İnstitutu (BMİ) Azərbaycanda diffamasiya haqqında qanunun hazırlanmasına yardım göstərəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında BMİ-nin direktoru Alison Betel bildirib.
"Azərbaycan Mətbuat Şurasının sədri ilə görüşümüz zamanı ondan diffamasiya haqqında qanun layihəsinin ilkin variantını istədik. Qanunun beynəlxalq standartlara cavab verməsi üçün Azərbaycan tərəfinə lazımi yardım göstərəcəyik", - Betel əlavə edib.
Onun sözlərinə görə, BMİ nümayəndə heyətinin Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş zamanı şöbə müdiri bildirib ki, bu il Azərbaycanda diffamasiya haqqında qanunun qəbul olunması gözlənilir.
"Ümumilikdə diffamasiya haqqında qanunun qəbul olunması sahəsində Azərbaycan hökumətinin gördüyü işləri qənaətbəxş hesab edirik", - Betel vurğulayıb.
"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.
Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.
"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası Milli Məclisə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.
Betel qeyd edib ki, Azərbaycan jurnalistikasının səviyyəsi yüksəkdir.