...

Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasına qəbul elan edib

Cəmiyyət Materials 2 Mart 2011 10:31 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi 2011/2012-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edir.
Azərbaycan Daxili İşlər Nazirliyi Polis Akademiyasına qəbul elan edib

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi 2011/2012-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edir.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Akademiyaya qəbula namizədlər hərbi komissarlıqda çağırışçı kimi qeydiyyatda olan, tam orta təhsilli 18 yaşadək Azərbaycan Respublikası vətəndaşları sırasından seçilirlər.

Abituriyentlər fiziki hazırlıq, xüsusi-həkim və seçmə komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə yoxlamadan uğurla keçdikdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilən test imtahanlarına buraxılırlar.

Polis Akademiyasına qəbul olunmuş abituriyentlər dövlət hesabına yemək, geyim forması və yataqxana ilə təmin olunurlar. Təhsil müddəti 5 ildir. Məzunlara hüquqşünas ixtisası və polis leytenantı xüsusi rütbəsi verilir və onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2011-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Polis Akademiyasına qəbul edilmirlər.

Polis Akademiyasına qəbul üçün yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan abituriyentlər Daxili İşlər Nazirliyinə (Bakı şəhəri Azərbaycan prospekti, 7), respublikanın digər şəhər və rayonlarında qeydiyyatda olan abituriyentlər ərazi polis idarə və şöbələrinə müraciət edə bilərlər.

Ərizə və sənədlərin qəbulu mart ayının 1-dən aprelin 20-dək (şənbə, bazar və bayram günlərindən başqa) hər gün saat 10:00-dan17:00-dək aparılacaq. Təqdim olunması vacib olan sənədlər və qəbulun şərtləri barədə ətraflı məlumat DİN-in /www.mia.gov.az/ və Polis Akademiyasının /www.pa.edu.az/ saytlarında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti