...

Azərbaycan məhkəmələrində narkotiklərlə bağlı cinayət işlərinə baxılarkən nöqsanlara yol verilir - Ali Məhkəmə

Cəmiyyət Materials 4 Mart 2011 13:53 (UTC +04:00)
Azərbaycan Ali Məhkəməsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi müzakirə edilib.
Azərbaycan məhkəmələrində narkotiklərlə bağlı cinayət işlərinə baxılarkən nöqsanlara yol verilir - Ali Məhkəmə

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə məhkəmə təcrübəsi müzakirə edilib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, Plenumun martın 4-də keçirilən iclasında müzakirələrdə respublika hüquq-mühafizə orqanları rəhbərləri də iştirak edib.

Ali Məhkəmə tərəfindən aparılan ümumiləşdirmə zamanı müəyyən edilib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərin baxılma keyfiyyəti əvvəlki illərə nisbətən xeyli yaxşılaşsa da, bu bəlaya qarşı mübarizə sahəsində müəyyən çatışmazlıqlar var. Bəzi birinci instansiya məhkəmələri tərəfindən cinayət işlərinə baxılarkən müəyyən xarakterli nöqsanlara yol verildiyi vurğulanıb.

Plenum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul edib.

Ümumiləşdirmə zamanı 2009-cu ildə respublikanın bütün birinci instansiya məhkəmələrində bu qəbildən olan işlərlə bağlı qərarlar, qanunvericiliyin və məhkəmə təcrübəsinin tətbiqi təcrübələri öyrənilib, bu işlərə baxılarkən yol verilən məhkəmə səhvləri, qanunvericilikdəki boşluqlar araşdırılıb.

Prezidentin 28 iyun 2005-ci il tarixli fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi haqqında" qanun və digər hüquqi aktlar təsdiq edilib. Bu məqsədlə 2007-2012-ci illər üçün yeni Dövlət Proqramı qəbul olunub.

Azərbaycan Cinayət Məcəlləsinin 26-cı fəsli, 234-240-cı maddələri narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri əhatə edir.

Plenumda konkret cinayət və mülki işlərə də baxılıb.

Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti