...

Daxili işlər orqanlarının əməkdaşları qaçqın və məcburi köçkünlərə maddi yardım veriblər

Cəmiyyət Materials 17 Mart 2011 12:29 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları qaçqın və məcburi köçkünlərə bayram sovqatı aparıb.
Daxili işlər orqanlarının əməkdaşları qaçqın və məcburi köçkünlərə maddi yardım veriblər

Azərbaycan, Bakı, 17 mart /Trend/

Daxili işlər orqanlarının əməkdaşları Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlərə maddi yardım ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 17-də daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə nazirliyin nümayəndələri Sabirabad rayonundakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Nazir müavini erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı DİN rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Qaçqın və məcburi köçkünlərlə, əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsiylə belə görüşlərin Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi və tapşırığı əsasında keçirildiyini vurğulayan Ələkbərov son illər cəmiyyət həyatının bütün sahələrində ciddi islahatların keçirildiyini, cinayətkarlıqla qətiyyətli mübarizə aparıldığını, ölkəmizdə dönməz sabitliyin yaradıldığını, iqtisadi gücümüzün və müdafiə qüdrətimizin durmadan yüksəldiyini vurğulayıb.

O, Prezidentin yürütdüyü uğurlu xarici və daxili siyasət xəttinin yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və köçkünlərin əzəli yurd yerlərinə qayıdacaqlarıyla nəticələnəcəyinə əminliyini bildirib.

Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlət başçısına və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib və ölkə prezidentinin siyasətini dəstəklədiklərini qeyd ediblər.

Respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatın 40 min manatı görüşdən sonra Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb.

Daxili işlər orqanlarının topladıqları vəsaitin qalan 23 min manatı isə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkünlərə göndərilib.

Xəbər lenti

Xəbər lenti