Azərbaycan, Bakı, 18 mart /Trend/
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi səfir Aqşin Mehdiyev Surinama rəsmi səfər edib. Bu barədə cümə günü Trend-ə azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
Martın 18-də Surinamın xarici işlər naziri Vinston Lakin Mehdiyevi qəbul edib.
Görüşdə ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, üzv olduğu beynəlxalq təşkilatlarda mövqelərinin daha da yaxınlaşdırılması yolları ətrafında fikir mübadiləsi aparılıb.
Mehdiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər ərazilərinin işğal edilməsi, münaqişə zamanı Azərbaycanın mülki əhalisinə qarşı ağır beynəlxalq cinayətlərin törədildiyi, ölkəmizin onun beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə tərəfdar olduğunu diqqətinə çatdırıb və münaqişə ilə bağlı ətraflı məlumat verib.
Görüş zamanı siyasi, hüquqi, iqtisadi, texniki, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın mümkünlüyü məsələsini müzakirə etmək üçün yüksək səviyyədə daimi əsasda görüşlərin keçirilməsi və məsləhətləşmələrin aparılması vacibliyi hər iki tərəfdən xüsusilə vurğulanıb.