...

Azərbaycanda qeyri-qanuni yolla çap edilən TQDK nəşrlərinin nöqsanları açıqlanıb

Cəmiyyət Materials 31 Mart 2011 12:54 (UTC +04:00)
Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qeyri-qanuni yolla çap edilən nəşrlərinin nöqsanlarını açıqlayıb.
Azərbaycanda qeyri-qanuni yolla çap edilən TQDK nəşrlərinin nöqsanları açıqlanıb

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qeyri-qanuni yolla çap edilən nəşrlərinin nöqsanlarını açıqlayıb.

Trend-in məlumatına görə, cümə axşamı komissiyanın mətbuat xidmətindən bildirilib ki, saxta çap məhsullarının ekspertizası onlarda çox ciddi elmi, texniki, çap qüsurları və digər zərərli cəhətlərin olduğunu göstərib.

"Saxta nəşrlər hazırlanarkən mövcud poliqrafiya normaları gözlənilmədiyindən və ya materiallar əsl nüsxələrin üzündən skaner üsulu ilə götürüldüyündən çapın keyfiyyəti itir, bu da nəticə etibarı ilə istifadəçilərin görmə qabiliyyətinə zərər vurur. Bundan başqa, çap işləri kustar üsullarla aparıldığına, burada gigiyenik normalar gözlənilmədiyinə və çap zamanı ekoloji cəhətdən keyfiyyətsiz, zərərli boya və kağızlardan istifadə edildiyinə görə hazırlanan çap məhsulları onlardan istifadə edənlərin sağlamlığına mənfi təsir göstərir", - komissiyanın məlumatında bildirilir.

TQDK istehlakçıları xəbərdar edib ki, saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir.

"Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən TQDK-nın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu da onlardan istifadə edənləri çaşdırır, özləri istəmədən belə, onların hazırlıq prosesində, təlimində səhvlərin yer almasına səbəb olur", - məlumatda deyilir.

TQDK qeyri-qanuni əməllərin qarşısının alınması istiqamətində lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

Xəbər lenti

Xəbər lenti